Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir
XXI əsrdə beynəlxalq münasibətlər sistemi yeni geosiyasi reallıqlar, regional əməkdaşlıq mexanizmlərinin inkişafı və çoxtərəfli diplomatik təşəbbüslərin genişlənməsi ilə səciyyələnir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı ortaq tarix, mədəni və mənəvi dəyərlər əsasında formalaşan, eyni zamanda, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirən mühüm beynəlxalq platforma kimi fəaliyyətini uğurla davam etdirir. Türk Dövlətləri Təşkilatının fəaliyyəti Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun inteqrasiyasına və ümumi təhlükəsizlik maraqlarının təmin edilməsinə xidmət edir. Bu baxımdan təşkilat artıq regional əməkdaşlıq çərçivəsini aşaraq qlobal səviyyədə strateji tərəfdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir.
2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə görüşü Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində mühüm mərhələ olmuşdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti və Türk Dövlətləri Təşkilatının Baş katibi tərəfindən iştirak edilən toplantı təşkilat çərçivəsində siyasi həmrəyliyin və strateji əməkdaşlığın inkişafına yeni impuls vermişdir. Bu prosesin məntiqi davamı kimi, 2025-ci ilin 7 oktyabr tarixində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin ali səviyyəli nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının rəhbər şəxsləri iştirak etmişlər. Qəbələdə keçirilən Zirvə Görüşünün əhəmiyyəti konkret qərarlarla məhdudlaşmır. Bu toplantı türk dünyasının yeni siyasi fəlsəfəsini — məsuliyyət, qarşılıqlı əməkdaşlıq və praqmatizm fəlsəfəsini ifadə edir. Türk Dövlətləri Təşkilatının artıq təkcə mədəni qardaşlıq platforması deyil, qarşılıqlı hörmət və suveren seçim prinsiplərinə əsaslanan kollektiv təhlükəsizlik və iqtisadi inkişaf sisteminə çevrilir. Qlobal qüvvə mərkəzlərinin yenidən formalaşdığı bir dövrdə belə bir regional həmrəylik modeli beynəlxalq sabitliyə yeni nəfəs gətirir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal