Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.
2025-ci il Azərbaycanın idman tarixinə uğurlar ili kimi daxil olmuşdur. İl ərzində idmançılarımız beynəlxalq arenalarda 2000-dən çox medal qazanmış, onlardan 600-dən çoxu qızıl medal olmuşdur. Bu göstəricilər əvvəlki illərlə müqayisədə rekord hesab olunur və ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir. Əldə edilən nailiyyətlər təsadüfi deyil, çünki idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində ölkədə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuş və ən müasir səviyyəyə çatdırılmışdır. Paytaxtla yanaşı bölgələrdə də idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılmış, Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatdırılmışdır. Gəncə və Yevlax şəhərlərində yeni komplekslərin istifadəyə verilməsi regionların idman həyatında fəallığı daha da artırmışdır. Bu infrastruktur həm peşəkar idmanın, həm də kütləvi idmanın inkişafına güclü təkan verir. Sağlam gənc nəslin formalaşdırılması idman siyasətinin əsas hədəflərindən biridir. Gənclərin fiziki cəhətdən sağlam, mənəvi baxımdan saf və vətənpərvər ruhda yetişməsi ölkənin gələcək inkişafının əsas şərti kimi qiymətləndirilir. Uşaqlıqdan idmana marağın təşviq edilməsi gələcək idman uğurlarının təməlini qoyur və eyni zamanda cəmiyyətin ümumi sağlamlıq səviyyəsini yüksəldir. İdman gənclərin vətən sevgisi ilə böyüməsində, milli dəyərlərə bağlılığında mühüm rol oynayır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda Dövlət Bayrağını yüksəltməsi xalqda qürur hissi yaradır. Son beş il ərzində ölkəmizin bayrağı qalib ölkə kimi dünyanın müxtəlif arenalarında dalğalanır. Bu, idmançıların üzərinə daha böyük məsuliyyət qoyur, çünki onlar müzəffər xalqın nümayəndələri kimi çıxış edirlər və bu status onların motivasiyasını daha da artırır.
2025-ci ildə ölkəmizdə keçirilmiş ən mühüm idman tədbirlərindən biri MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi Azərbaycanın geniş idman potensialını və bölgələrdə yaradılmış şəraiti nümayiş etdirmişdir. Bu Oyunlar yüksək təşkilatçılıq səviyyəsi ilə seçilmiş, idmançılarımız komanda hesabında ikinci yerə layiq görülmüşdür. Minlərlə xarici qonağın iştirakı ilə keçirilən bu yarışlar ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirmişdir. İlk dəfə olaraq Bakıda UFC üzrə beynəlxalq turnirin təşkili Azərbaycanın idman həyatında yeni mərhələ açmışdır. Dünya miqyasında böyük maraq doğuran bu yarışın Bakıda keçirilməsi ölkəmizin imkanlarını və artan nüfuzunu bir daha sübut etmişdir. Turnirin dünya mediasında geniş işıqlandırılması Azərbaycanın müasir, təhlükəsiz və inkişaf etmiş ölkə kimi təqdimatına xidmət etmişdir. Formula 1 yarışları da ölkənin beynəlxalq tanıtımında mühüm rol oynamağa davam edir. İlk yarışdan sonra xarici turistlərin sayının 20 faiz artması idman tədbirlərinin turizmə verdiyi töhfəni açıq şəkildə göstərir. Bu il keçirilmiş yarışda bütün biletlərin əvvəlcədən satılması və yüz minlərlə insanın yarışları izləməsi Bakının dünya idman paytaxtları sırasında mövqeyini daha da möhkəmləndirmişdir. Qış idman növləri üzrə də yeni uğurlar əldə olunur. Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Dünya Kubokunun keçirilməsi Azərbaycanın beynəlxalq xizək idmanı xəritəsinə daxil olduğunu göstərir. İnfrastrukturun ildən-ilə genişləndirilməsi, yeni trasların salınması və özəl sektorun marağının artması regionlarda minlərlə yeni iş yerinin yaranmasına şərait yaratmışdır. Turizmin bu sahəsi ətraf kənd və şəhərlərin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərir. Bütün bu nailiyyətlərin məntiqi nəticəsi olaraq Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində gördüyü işlərə verilən yüksək beynəlxalq qiymətdir. Bu ad ölkəmiz üçün böyük şərəf olmaqla yanaşı, gələcəkdə daha böyük məsuliyyət yaradır. İdmançıların və idman mütəxəssislərinin mütəmadi olaraq mükafatlandırılması isə idman uğurlarının davamlı olmasını təmin edən mühüm ənənə kimi qorunur. 2025-ci ilin idman yekunları göstərir ki, Azərbaycan idman sahəsində güclü strategiyaya, möhkəm infrastruktura və böyük potensiala malikdir. Bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi ölkəmizin idman uğurlarını daha da artıracaq və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirəcəkdir.
Dərya Əhmədova
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbin direktoru





















