Bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq
Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan, eyni zamanda, həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə ölkəmiz nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarını genişləndirəcək. Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahə diqqətdən kənarda qalmır. Çünki bunun çox böyük potensialı vardır.
Hazırkı dövrün əsas çağırışlarından olan yeni texnologiyaların inkişafına, bu sahədə əməkdaşlığın qurulmasının önəminə diqqəti yönəldib. Səfər çərçivəsində informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında müzakirələr aparıldı. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik. Azərbaycan və Slovakiya dost ölkələrdir. Tərəflər əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlıdırlar və bunu atdıqları addımları ilə təsdiqləyirlər. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul edir. Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
























