Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə həsr olunub. Bu dövlət proqramı yalnız texniki məsələ deyil, eyni zamanda paytaxt və ətrafdakı ərazilərdə yaşayan milyonlarla insanın həyat keyfiyyətinin yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
İqlim dəyişikliyi və şirin su ehtiyatlarının məhdudluğu fonunda əhalinin keyfiyyətli içməli su ilə dayanıqlı təminatı mühüm çağırış olaraq qarşıda durur. Hazırkı vəziyyətdə bölgədə su təchizatı sahəsində köhnəlmiş su kəməri şəbəkəsi, yüksək su itkiləri, qeyri-bərabər su təzyiqi, bəzi ərazilərdə fasilələrlə su təminatı və su keyfiyyətində problemlər mövcuddur. Eyni zamanda, kanalizasiya sistemində köhnə və yeyilmiş boru xətləri, məhdud kanalizasiya şəbəkəsi, bəzi yeni yaşayış massivlərinin sistemə qoşulmaması və ekoloji risklər müşahidə olunur. Yağış sularının idarə edilməsində də zəif drenaj sistemi, güclü yağışlar zamanı su basmaları, infrastrukturun zədələnməsi və əhalinin təhlükəsizlik risklərinin artması mütəmadi hal alıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram çoxşaxəli yanaşma əsasında qurulacaqdır. Proqram çərçivəsində Bakı və Abşeron yarımadasında müasir texnologiyalardan istifadə etməklə yeni su kəməri xətlərinin çəkilməsi, köhnə infrastrukturun əvəzlənməsi və su təmizləmə qurğularının yenilənməsi nəzərdə tutulur: “Kanalizasiya sisteminin genişləndirilməsi və modernləşdirilməsi, müasir standartlara uyğun təmizləyici qurğuların inşası və tullantı sularının təmizlənərək ekoloji təhlükəsiz şəkildə utilizasiyası proqramın mühüm komponentlərindəndir. İqlim dəyişikliyi fonunda artan intensiv yağışların törətdiyi problemlərin həlli üçün müasir drenaj sistemlərinin yaradılması, mövcud sistemlərin təkmilləşdirilməsi və sel riskinin minimuma endirilməsi nəzərdə tutulur. Dayanıqlı və keyfiyyətli su təminatı əhalinin sağlamlığının qorunmasında əsas amillərdən biridir. Proqramın icrasıyla bütün əhalinin fasiləsiz olaraq təmiz içməli su ilə təmin olunması, suyun keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və su ilə əlaqəli xəstəliklərin qarşısının alınması təmin ediləcək. Müasir kommunal infrastruktur investorlar üçün mühüm meyardır. Su təchizatı və kanalizasiya sistemlərinin etibarlı işləməsi biznes mühitinin yaxşılaşmasına, yeni müəssisələrin açılmasına və iqtisadi fəaliyyətin canlanmasına şərait yaradır.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc




















