Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik
Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında su təhlükəsizliyinin nə qədər mühüm yer tutduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər son iyirmi ildə həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinin məntiqi davamı kimi yeni proqramın əsas məqsədlərini və prioritetlərini aydın şəkildə ortaya qoydu. Son illər ərzində ölkəmizdə icra olunan regional inkişaf proqramları nəticəsində əsas infrastruktur problemləri mərhələli şəkildə həll edilmişdir. Elektrik enerjisi ilə təminatın tam şəkildə bərpa olunması, generasiya güclərinin yaradılması, ötürücü xətlərin və paylayıcı şəbəkələrin yenilənməsi Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirmişdir. Bu gün ölkəmiz yalnız daxili tələbatı ödəməklə kifayətlənmir, eyni zamanda elektrik enerjisini ixrac edən dövlətə çevrilmişdir. Qazlaşma səviyyəsinin 96 faizə çatması isə əhalinin rifahının yüksəlməsində və regionlararası sosial bərabərliyin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri də su ehtiyatlarının idarə olunması və su təhlükəsizliyinin təmin edilməsidir. İçməli su və suvarma uzun illər ərzində əhalini narahat edən əsas problemlərdən biri olmuşdur. Bu istiqamətdə görülən işlər nəticəsində ölkənin bir çox şəhər və rayonlarında müasir su və kanalizasiya sistemləri qurulmuş, proses davamlı xarakter almışdır. Son iyirmi ildə inşa edilən dörd böyük su anbarı, o cümlədən “Taxtakörpü” və “Şəmkirçay” su anbarları, həm Bakının, həm də regionların su təminatında həlledici rol oynayır. “Ceyranbatan” su anbarının tam yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi paytaxtın dayanıqlı su təminatına mühüm töhfə vermişdir.
İşğaldan azad edilmiş ərazilərlə bağlı səsləndirilən fikirlər isə həm tarixi ədalətin bərpasını, həm də bu torpaqların yenidən həyata qayıdışını əks etdirir. Vaxtilə Ermənistan tərəfindən həyata keçirilmiş su terroru nəticəsində “Sərsəng” və “Suqovuşan” su anbarlarından bir təzyiq aləti kimi istifadə olunmuş, bu isə geniş ərazilərdə kənd təsərrüfatına və əhalinin həyatına ciddi ziyan vurmuşdur. Bu gün həmin su anbarlarının, eləcə də “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” kimi su təsərrüfatı obyektlərinin yenidən qurulması dövlətin məqsədyönlü və ədalətli siyasətinin bariz nümunəsidir. Eyni zamanda, “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin nəzərdə tutulması bu bölgələrin uzunmüddətli inkişaf perspektivlərini göstərir. Yeni Dövlət Proqramı Bakı şəhərini, Abşeron yarımadasını, Sumqayıtı və onlarla yaşayış məntəqəsini əhatə etməklə su təchizatının dayanıqlığını artırmağı hədəfləyir. Proqramın 2035-ci ilə qədər icra olunması onun genişmiqyaslı və sistemli xarakter daşıdığını göstərir. Burada həm içməli su təchizatının yaxşılaşdırılması, həm kanalizasiya və yağış sularının idarə olunması, həm də ekoloji tarazlığın qorunması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Proqramın icrası üçün maliyyə mənbələrinin əvvəlcədən müəyyən edilməsi və nəzarət mexanizmlərinin yaradılması görüləcək işlərin şəffaf və vaxtında həyata keçiriləcəyinə zəmin yaradır. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, su itkilərinin azaldılması, sayğaclaşdırmanın 100 faizə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu gün su itkilərinin yüksək səviyyədə olması gələcək üçün risk yaradan əsas amillərdən biridir və dövlət başçısı bu problemin köklü şəkildə həllini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, leysan yağışları zamanı yaranan problemlərin aradan qaldırılması üçün yeni kollektor şəbəkələrinin qurulması şəhər infrastrukturunun dayanıqlığını artıracaqdır.
Dərya Əhmədova-Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru















