image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani-azeuro

Bu gün azad edilmiş ərazilərdə aparılan su layihələri təkcə infrastruktur quruculuğu deyil, həm də həyatın, ümidin və ədalətin bərpasıdır

image-legitimaz-810x90

Bu gün azad edilmiş ərazilərdə aparılan su layihələri təkcə infrastruktur quruculuğu deyil, həm də həyatın, ümidin və ədalətin bərpasıdır

Müzakirə edəcəyim mövzu təkcə iqtisadi və ekoloji əhəmiyyət daşımır, eyni zamanda milli təhlükəsizliyimiz, insan həyatı və regional sabitlik baxımından olduqca mühüm məsələdir. Söhbət su resurslarından və uzun illər ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş su terrorundan gedir.

Məlum olduğu kimi, torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan dövləti yalnız hərbi və ekoloji terrorla kifayətlənməmiş, eyni zamanda su ehtiyatlarından bir silah kimi istifadə etmişdir.  Suya ən çox ehtiyac duyulan aylarda suyun kəsilməsi kənd təsərrüfatına böyük zərər vurmuş, qış aylarında isə qəfil buraxılan sular sel və daşqınlara səbəb olmuşdur. Bu, açıq şəkildə insanlara və təbiətə qarşı törədilmiş cinayətdir.

Bu gün isə tamamilə fərqli bir mənzərə ilə qarşı-qarşıyayıq. Azərbaycan dövləti azad edilmiş ərazilərdə sürətli və sistemli şəkildə içməli su və suvarma layihələrini həyata keçirir. İşğal dövründə dağıdılmış və yararsız hala salınmış su anbarları əsaslı şəkildə yenidən qurulur. Xüsusilə qeyd etmək lazımdır ki, “Sərsəng” və “Suqovuşan” su anbarları artıq dövlətimizin nəzarətindədir və xalqımızın rifahına xidmət edir.

Bununla yanaşı, Füzuli rayonunda “Köndələnçay” üzərində üç su anbarının yenidən qurulması, Ağdam rayonunda “Xaçınçay” su anbarının, Laçın rayonunda isə tamamilə yenidən inşa edilmiş “Zabuxçay” su anbarının istifadəyə verilməsi regionun kənd təsərrüfatı və məskunlaşma imkanlarını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi istiqamətində hazırlıq işləri aparılır və yaxın vaxtlarda praktiki mərhələyə keçilməsi nəzərdə tutulur.

Su mənbələri hər bir ölkə üçün həyati əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının təxminən dörddə bir hissəsinin vaxtilə işğal altında olmuş ərazilərdə formalaşması bu bölgələrin strateji əhəmiyyətini bir daha sübut edir. Bu mənbələrin üstün cəhəti ondan ibarətdir ki, onların əksəriyyəti məhz Azərbaycan ərazisində formalaşır və bu da ölkəmizin su təhlükəsizliyini möhkəmləndirir.

Əlbəttə, Kür, Araz və Samur kimi əsas çaylarımız xaricdə formalaşdığı üçün bu sahədə regional əməkdaşlıq və beynəlxalq hüquq normalarına riayət olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu məsələyə daim həssaslıqla yanaşır və su resurslarının ədalətli, səmərəli və dayanıqlı istifadəsini prioritet hesab edir.

Bu gün azad edilmiş ərazilərdə aparılan su layihələri təkcə infrastruktur quruculuğu deyil, həm də həyatın, ümidin və ədalətin bərpasıdır. Su olan yerdə həyat var. Azərbaycan dövləti bu torpaqlara həyat qaytarır, vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin edir.

Həyata keçirilən bu layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə regionun ən inkişaf etmiş və ekoloji cəhətdən dayanıqlı ərazilərindən birinə çevriləcəkdir.

 

 

Gülnar Tağıyeva – Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki