Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir.
Məlumdur ki, dövlətimizin başçısı həmişə vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Ona görə də ölkəmizin başçısı çıxışında bəzi məmurların qanunsuz hərəkətlərinə də ciddi iradlarını bildirdi: «Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub.» Artıq bu kimi ciddi nöqsanlara son qoyulduğunu bildirən Prezident məmurları ədalətli və vicdanlı işləməyə səslədi. Dövlət başçısı çıxışında onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir. O da qeyd edildi ki, bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir: «Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.» Bölgələrdə məşğulluq məsələsinin həlli də əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Cənab İlham Əliyev vurğuladı ki, ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Dövlətimizin başçısı bu tələbi qarşıya qoydu ki, yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.



















