Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır
İqlim dəyişmələri fonunda su hər bir ölkə üçün milli təhlükəsizliyin çox mühüm tərkib hissəsi qismində çıxış edir. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bu barədə yanvarın 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə geniş bəhs olunub. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti vurğulanıb.
Azərbaycan dövlətinin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil. Bu məsələnin aktuallığını artıran bir sıra ciddi amillər var. İlk növbədə onu qeyd edək ki, respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir. Eyni zamanda, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb və beləliklə də suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilib. Bütün bunların nəticəsi olaraq suya tələbat artıb. Bu kimi reallıqlar nəzərə alınmaqla son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilib. Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini




















