Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu mövzuya toxunmuş, prioritet məsələ kimi qiymətləndirmişdir.
İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur. Hazırda siyasi müstəqilliyin və onun iqtisadiyyat cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı cənab Prezidentimiz İlham Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadiyyatının inkişafının reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.
Prezident İlham Əliyev öz üzərinə düşən tarixi missiyanı böyük həssaslıqla dərk edərək, ölkənin strateji kursunu bütün sahələr üzrə qəbul edilən və elmi cəhətdən əsaslandırılmış proqram sənədləri ilə müəyyən etdi. Əslində, MDB məkanında ilk dəfə olaraq sosial-iqtisadi inkişafı müasir prinsiplər əsasında tərtib edilmiş Dövlət Proqramları ilə tənzimləyərək, ölkəni yeni üfüqlərə, iqtisadi müstəqilliyin təmin olunmasına doğru istiqamətləndirdi. İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşması, iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. Bu gün Azərbaycan iqtisadi cəhətdən güclü dövlət olmaq yolunda əmin addımlarla irəliləyir.
Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru






















