Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb
12 noyabr 2025-ci ildə Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edən zamanı Prezident cənab İlham Əliyevin çıxışında vurğulanan “əsas infrastruktur layihələri demək olar ki, başa çatıb” fikri son 20 ilin ardıcıl və məqsədyönlü regional inkişaf strategiyasının nəticəsidir. Bu, təkcə yolların, su xətlərinin və elektrik şəbəkələrinin yenilənməsi deyil, regionların sosial həyatının dirçəlməsi, iqtisadi müstəqilliyinin formalaşmasıdır. Artıq Azərbaycanın kəndləri və şəhərləri müasir kommunikasiyalarla təmin olunur, bütün bölgələr bərabər imkanlar mühitinə daxil edilir.
Cənab Prezidentin dediyi kimi, magistral yollar müasir standartlara cavab verir, kənd yolları 70-80 faiz yenilənib, içməli su layihələri icra edilir. Bu, mərkəzlə region arasında bərabər inkişaf siyasətinin reallaşması deməkdir. Prezident cənab İlham Əliyevin “Əsas prinsip sosial ədalət prinsipidir” fikri, əslində, bu çıxışın ideoloji oxudur. Bu prinsip həm iqtisadi, həm inzibati, həm də sosial qərarların hər birinin təməlində dayanmalıdır. Çünki ədalət duyğusunun itirilməsi, vətəndaşın dövlətə olan inamının sarsılması deməkdir Cənab Prezidentin bu çıxışı ilə aydın şəkildə bildirdi ki, artıq sosial ədalət yalnız şüar deyil, idarəçilik meyarıdır. Prezident cənab İlham Əliyev bəyan etdi ki, artıq mərkəzdən “qanunsuz tapşırıqlar” verilməyəcək və bu dövr arxada qalıb. Bu fikir Azərbaycan idarəçilik tarixində hesabatlı və şəffaf idarəetmənin institusionallaşması baxımından dönüş nöqtəsidir. Artıq yerli rəhbərlər öz qərarlarına, əməllərinə və seçimlərinə görə şəxsən cavabdehdirlər. Bu, həm etimadın, həm də nəzarətin eyni anda möhkəmləndirilməsidir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri




















