Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik.
Martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti António Costa arasında keçirilən görüş və səsləndirilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni siyasi mərhələyə daxil olduğunu göstərən mühüm hadisə kimi diqqət çəkir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə bu dialoq yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regionun siyasi və iqtisadi gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun intensivləşməsidir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması və müxtəlif platformalarda aparılan müzakirələr tərəflər arasında münasibətlərin yeni dinamika qazandığını göstərir. Bu proses yalnız diplomatik təmasların çoxalması ilə məhdudlaşmır. Əslində, bu dialoq regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji siyasəti kimi strateji məsələləri əhatə edən geniş gündəliyin formalaşmasına xidmət edir. Bu baxımdan Bakı və Brüssel arasında münasibətlər artıq klassik tərəfdaşlıq modelindən çıxaraq daha sistemli və uzunmüddətli əməkdaşlıq mərhələsinə daxil olur. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq da siyasi münasibətlərin əsas dayaqlarından biri kimi çıxış edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin açıqladığı göstəricilərə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Avropa İttifaqı ilə bağlıdır. Bu fakt Avropa bazarının Azərbaycan üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda, investisiya əməkdaşlığının qarşılıqlı xarakter alması tərəflər arasında iqtisadi münasibətlərin daha da dərinləşəcəyinə işarə edir. Azərbaycanın Avropada həyata keçirdiyi investisiya layihələri və Avropa şirkətlərinin ölkəmizdə fəaliyyəti bu prosesin real nəticələri kimi qiymətləndirilir. Azərbaycan–Avropa İttifaqı münasibətlərində enerji sektoru xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, enerji əməkdaşlığı uzun illərdir tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirib. Hazırda Azərbaycan qazı Avropanın on altı ölkəsinə çatdırılır və onların ondan istifadə edənləri arasında Avropa İttifaqının üzv dövlətləri də var. Bu reallıq Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Yeni yataqların istismara verilməsi və qaz hasilatının artırılması planları isə yaxın illərdə bu əməkdaşlığın daha geniş miqyas alacağını göstərir. Ölkə başçısının çıxışında diqqət çəkən digər istiqamət bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan günəş və külək enerjisi potensialına görə regionda ən perspektivli ölkələrdən biri hesab olunur. Ölkədə həyata keçirilən layihələr yaxın illərdə böyük həcmdə yaşıl enerji istehsal etməyə və bu enerjinin bir hissəsini Avropa bazarına ixrac etməyə imkan verəcək. Bu isə Azərbaycanın yalnız ənənəvi enerji ixracatçısı deyil, həm də Avropanın enerji keçid strategiyasında mühüm tərəfdaş kimi çıxış edə biləcəyini göstərir.
Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri

























