Biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə ölkəmizin son illərdə keçdiyi mürəkkəb, lakin qürurverici yolun ümumiləşdirilmiş mənzərəsini ortaya qoyur. Dövlət başçısı bu müsahibədə 2025-ci ilin Azərbaycan üçün tarixi il olduğunu xüsusi vurğulayaraq, Ermənistan–Azərbaycan münaqişəsinə siyasi müstəvidə tam və qəti şəkildə son qoyulduğunu qeyd etmişdir. Uzun illər müharibə, qarşıdurma və qeyri-sabitlik şəraitində yaşayan Azərbaycan xalqı artıq sülh dövrünə qədəm qoymuşdur və bu sülhün ilk aylarında belə onun siyasi, iqtisadi və sosial bəhrələri açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, Azərbaycanın döyüş meydanında qazandığı Qələbə beynəlxalq siyasi müstəvidə də möhkəmləndirilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü dünya miqyasında qəbul olunmuşdur. Bu, müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, gələcək inkişaf üçün də etibarlı zəmin yaratmışdır. Cəmiyyətdə sabitliyə, təhlükəsizliyə və dövlətə olan inamın artması Azərbaycan xalqının qarşıdakı illərə daha böyük ümidlə baxmasına imkan verir. Dövlət başçısı müsahibəsində Zəngəzur dəhlizinin açılmasının tarixi və strateji əhəmiyyətini də xüsusi qeyd etmişdir. Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında coğrafi bağlantının bərpası deyil, eyni zamanda beynəlxalq nəqliyyat marşrutlarının genişlənməsi, Orta Dəhlizin güclənməsi və regionda iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması deməkdir. Azərbaycanın Şərq ilə Qərb, Şimal ilə Cənub arasında etibarlı körpü rolunu getdikcə gücləndirməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərlə bağlı səsləndirdiyi fikirlər isə xüsusi qürur doğurur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, beynəlxalq tədbirlərin bu torpaqlarda keçirilməsi, on minlərlə insanın doğma yurdlarına qayıdışı Azərbaycanın gücünü, iradəsini və humanist siyasətini açıq şəkildə nümayiş etdirir. Bu ərazilərin qısa müddətdə yaşayış, əmək və mədəniyyət mərkəzinə çevrilməsi dövlət siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini sübut edir. Prezident İlham Əliyev müsahibəsində bir daha vurğulamışdır ki, Azərbaycan siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial islahatlar, maaşların və pensiyaların artırılması, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən xüsusi qayğı, minlərlə məktəbin və xəstəxananın tikilməsi dövlətin sosial məsuliyyətinin bariz nümunəsidir. Bu siyasət populizmə deyil, real iqtisadi imkanlara və strateji baxışa əsaslanır.
Dərya Əhmədova – Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru





















