Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri XX əsrin sonlarında baş verən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmuşdur. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yüzlərlə yaşayış məntəqəsi işğal edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Bu insanlar uzun illər ərzində ağır şəraitdə, çadırlarda, yarımçıq binalarda, uçuq yataqxanalarda yaşamağa məcbur olmuş, “qaçqın” və “məcburi köçkün” anlayışları Azərbaycan xalqının yaddaşına dərin iz salmışdır. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Otuz il ərzində torpaqlarının işğalı ilə barışmayan Azərbaycan xalqı hər zaman öz yurduna qayıdacağına inanırdı. Bu inam dövlətimizin həyata keçirdiyi siyasi, diplomatik və hərbi strategiyanın əsasını təşkil etdi. Nəhayət, 2020-ci ilin payızında Azərbaycan Ordusunun şanlı Zəfəri bu tarixi ədaləti bərpa etdi. 8 Noyabr – Zəfər Günü həmin inamın, birliyin və milli qürurun rəmzinə çevrildi. Bu gün Azərbaycan xalqı təkcə hərbi qələbəsini deyil, həm də illərlə çəkdiyi iztirabların, göz yaşlarının sonunu qeyd edir.
Müharibə nəticəsində azad edilmiş torpaqlarda artıq genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı məhz bir milyondan çox azərbaycanlının doğma torpaqlarına yenidən dönməsini təmin etməyə yönəlmişdir. Bu, təkcə fiziki qayıdış deyil, həm də 30 illik həsrətin, qırılmış arzuların, yarımçıq qalan ümidlərin bərpasıdır.
Zəfər Günü xalqımızın birliyinin, igidliyinin və ədalət uğrunda mübarizəsinin təntənəsidir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların qanı bahasına qazanılmış qələbənin əbədiliyini qorumağı özümüzə borc bilirik. Qarabağ artıq azaddır, Azərbaycan xalqı isə tarixində yeni, şərəfli bir səhifə açmışdır.
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi






















