image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-unnamed

Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır

image-legitimaz-810x90

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.

2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya və terror aktları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması və Ağdamla Şuşada baş verən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa vadar etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrinin mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığına gətirməsi də əməliyyatın labüdlüyünü artırdı. Bütün bu səbəblər Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror əməliyyatına başlanmasına gətirib çıxardı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu yüksək dəqiqlikli müasir silahlarla düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini və hərbi texnikasını sıradan çıxardı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti əsasında atəşkəs razılaşması əldə olundu. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı dəstələrin və Ermənistan silahlı qüvvələrinin tam tərksilah olunması və Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursatın və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə əlaqələndirilməklə həyata keçirilməsi şərtləri ilə tədbirlər həyata keçirildi. Ordumuz 19–20 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı yüksək peşəkarlıq, qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Çətin relyef şəraitində, düşmənin illərlə qurduğu istehkamların mövcudluğuna baxmayaraq, hərbi qulluqçularımız qısa müddətdə bütün istiqamətlər üzrə mühüm uğurlar əldə etdilər. Əməliyyat nəticəsində 406 kvadratkilometrlik ərazi yad ünsürlərdən təmizlənərək Azərbaycan Ordusunun tam nəzarəti altına alındı. Antiterror əməliyyatı başlamazdan öncə Silahlı Qüvvələrimizə ciddi göstəriş verilmişdi ki, mülki əhali hər hansı zərbə altında qalmamalıdır. Azərbaycanın Müdafiə Nazirliyi bölgədə yaşayan erməni sakinləri SMS, səsgücləndirici və paylanılan məlumat vərəqələri vasitəsilə xəbərdar etmiş, onların təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər həyata keçirmişdir. Azərbaycan dövləti əməliyyat zamanı humanizm prinsiplərinə sadiq qalaraq beynəlxalq humanitar hüquq normalarına tam riayət etdi. Əhalinin təhlükəsizliyi təmin olundu, tibbi və sosial yardımlar göstərildi, qadınlar, uşaqlar, yaşlılar və xəstələr xüsusi qayğı ilə qorundu. İctimai, sosial, tibbi, dini və digər mühüm obyektlərin mühafizəsi təşkil edildi. Bir günlük antiterror əməliyyatından sonra illərlə Azərbaycan tərəfi ilə danışıqlardan imtina edən Qarabağdakı erməni icmasının nümayəndələri Yevlaxda görüşə gəlməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi və erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə edildi. Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da, 24 saatdan az müddətdə Ermənistan ordusu Azərbaycan ərazisindən tam çıxarıldı, xunta rejimi süquta uğradı, əsas separatçı liderlər həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlətimizin tam suverenliyini və ərazi bütövlüyünü bütün dünyaya nümayiş etdirdi.

Zərdab Gənclər evinin əməkdaşı- Cəvahir Murtuzayeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki