Bərpa olunmuş rayonlarımızda bu gün artıq 70 min insan yaşayır.
Otuz ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan torpaqlarının azad edilməsi ölkənin müasir tarixinə ən mühüm hadisələrdən biri kimi daxil oldu. Qarabağ və ətraf rayonların işğaldan azad olunması təkcə torpaq bütövlüyünün bərpası deyil, eyni zamanda ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafı üçün yeni imkanların açılması deməkdir. Müharibənin sona çatması ilə yaranan yeni reallıqlar Azərbaycan cəmiyyətində ümumi ruh yüksəkliyi yaratdı və böyük bir xalqın doğma torpaqlarına qayıdış prosesinə start verildi. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və inkişaf işləri Azərbaycan dövlətinin əsas gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunan torpaqlara qayıdış təkcə siyasi və hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli birliyinin, dözümlülüyünün və yenidən doğuluşunun simvoludur. Otuz illik həsrətdən sonra öz ata-baba yurdlarına qayıdan insanlar təkcə torpağa deyil, həm də tarixə, kimliyə və köklərinə qovuşurlar. Bu proses yalnız sadə köç deyil, eyni zamanda milli ruhun, tarixi yaddaşın və mədəni irsin bərpası, yeni həyatın başlanğıcıdır. İllər ərzində dağıdılmış şəhər və kəndlərin, sosial obyektlərin bərpası həm dövlətin, həm də xalqın əsas vəzifəsinə çevrilib. İşğal illərində Azərbaycan torpaqlarında baş verən hadisələr ölkənin demək olar ki, bütün həyat sahələrinə sarsıdıcı təsir göstərdi. Qarabağ və ətraf rayonların işğalı nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşdü, evlər, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və infrastruktur tamamilə məhv edildi. Bu illər ərzində regionda həyat dayandı, kənd və şəhərlər xarabalığa çevrildi, əhalinin sosial rifahı ciddi şəkildə zərər gördü. İşğalın ən ağır nəticələrindən biri də yüz minlərlə məcburi köçkünün illərlə doğma torpağından uzaqda, çətin şəraitdə yaşamasıdır. Bərpa proqramları çərçivəsində əsas diqqət infrastrukturun – avtomobil yolları, elektrik və su xətləri, telekommunikasiya sistemləri, məktəblər, xəstəxanalar və sosial obyektlərin yenidən qurulmasına yönəlib. Hər bir şəhər və kənd üçün fərdi baş plan hazırlanır, yerli şərait və əhalinin ehtiyacları nəzərə alınır. Bir neçə il ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda yeni hava limanları, avtomobil və dəmir yolları, enerji və su təminatı infrastrukturu, müasir yaşayış massivləri və sənaye parkları inşa edilib. Uzun illər boyu doğma yurdlarından ayrı düşmüş insanlar üçün yeni həyata uyğunlaşmaq, sosial mühitə inteqrasiya olmaq, məşğulluq və psixoloji dəstək vacibdir. Dövlət və qeyri-hökumət təşkilatları tərəfindən bu sahədə müxtəlif layihələr icra edilir. Məqsəd, işğaldan azad olunmuş ərazilərdə müasir, təhlükəsiz, firavan və perspektivli həyat qurmaqdır.
Azad Kərimli – Zərdab Gənclər evinin dərnək rəhbəri





















