Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının oktyabrın 1-də açılışı oldu
Son illərdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir. Prezident cənab İlham Əliyevin dəvəti ilə ölkəmizə gələn İtaliya Prezidenti Sercio Mattarellanın səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı bir daha iki ölkə arasındakı münasibətlərin hansı səviyyəyə yüksəldiyinin əyani təzahürü oldu. Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident cənab İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavriat, 102-si isə magistratura səviyyəsində təhsil alır. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq”.
Bir sözlə, iki ölkə arasında atılan addımlar qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığa xidmət edən addım olacaq və əlaqələri daha da dərinləşdirəcək. Bu da yeni əməkdaşlıq imkanlarının formalaşmasına və münasibətlərin yeni mərhələyə keçməsinə impuls verəcək.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli