Bakı-Abşeron su infrastrukturunun təkmilləşdirilməsi
Şəhər həyatında ən çox görünən problemlərdən biri də leysan yağışları zamanı yaranan daşqınlar, yolların bağlanması və nəqliyyatın iflic olmasıdır. Dünya təcrübəsi göstərir ki, hətta ən inkişaf etmiş ölkələrdə belə güclü yağışlar şəhər infrastrukturunu sınağa çəkir. Lakin bu, problemin qəbul edilməsi deyil, onunla mübarizənin sistemləşdirilməsi üçün əsasdır. Dövlət Proqramında Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması kimi hədəfli tədbirlərin yer alması, “zəif nöqtələr”in xəritələndirilməsi və prioritetləşdirilməsi baxımından mühüm addımdır. Yağış sularının separasiya olunmuş şəkildə toplanması, təmizlənməsi və bəzi hallarda texniki məqsədlər üçün istifadəsi həm daşqın riskini azaldır, həm də su ehtiyatlarına əlavə dəstək verir.
İnteqrasiyalı yanaşmanın digər mühüm tərəfi rəqəmsal idarəetmədir. Su sektorunda rəqəmsallaşma – yalnız sayğac məlumatlarının toplanması deyil, eyni zamanda təzyiq və sərfiyyat sensorları, SCADA və GIS əsaslı şəbəkə idarəetməsi, sızmaların analitik modellərlə proqnozlaşdırılması, real vaxt rejimində qərarvermə kimi alətlərin tətbiqidir. Bu, idarəetmədə şəffaflığı artırır, əməliyyat xərclərini azaldır və xidmət keyfiyyətini yüksəldir. Bütün bunlar isə vətəndaşın gündəlik həyatında “daha stabil su, daha az qəzalar, daha təmiz şəhər” kimi hiss edilən nəticələrə çevrilir.
Əlbəttə, miqyaslı proqramlar yalnız texniki layihələrdən ibarət deyil; burada nəzarət və hesabatlılıq mədəniyyəti həlledicidir. Dövlət başçısı həm Hökumət, həm Prezident Administrasiyası tərəfindən nəzarətin təmin ediləcəyini, eyni zamanda ictimai nəzarətin və mətbuatda geniş işıqlandırmanın vacibliyini vurğuladı. Bu çağırış proqramın icrasını “qapalı texniki proses”dən “cəmiyyətin izlədiyi, ölçülə bilən nəticələri olan” bir prosesə çevirməlidir.
Bakı və Abşeronun su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi üzrə 2026–2035 Dövlət Proqramı şəhər infrastrukturunun inteqrasiyalı dönüşüdür. Əgər hədəflər tam icra olunarsa, itkilər azalacaq, kanalizasiya əhatəsi genişlənəcək, leysan riskləri yumşalacaq, Xəzərin çirklənməsinə təsir edən mənbələr zəifləyəcək və ən əsası, regionun su təhlükəsizliyi daha dayanıqlı əsaslara söykənəcək. Bu isə paytaxtın inkişafına, investisiya mühitinə və insanların sağlam həyat keyfiyyətinə birbaşa töhfə deməkdir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru


















