Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərlə ölkəmizin suverenliyinin tam bərpasından sonra keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini təqdim etdi. Dövlətimizin başçısının açıqlamaları Azərbaycanın xarici siyasətinin milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli perspektivə söykəndiyini nümayiş etdirir. Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. Müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq münasibətlərinin 33 ildən artıq tarixi var. Lakin iki ölkənin əlaqələrinin hazırda özünün ən yüksək mərhələsini yaşadığı da danılmaz reallıqdır. Çünki müstəqilliyini yenicə qazanan ölkəmizin işğal faktı ilə üz-üzə qaldığı ağır dövrdə “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəliş kimi ədalətsiz qərar ötən dövrdə Vaşinqton-Bakı münasibətlərinin üstünə daim kölgə salırdı. Bu münasibətlər Bayden-Blinken administrasiyasının fəaliyyəti dövründə isə siyasi böhran həddinə çatmışdı. Amerika-Azərbaycan arasında ikitərəfli əlaqələr yalnız Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi dönəmində müsbət dinamika qazanmışdı. Ağ Ev rəhbəri Donald Tramp və Prezident İlham Əliyev arasındakı səmimi dostluq münasibətlərindən bəhrələnərək inkişaf edən bu əlaqələr liderlərin xüsusi səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov






















