Azərbaycanda kifayət qədər böyük enerji potensialı var.
Dekabr ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya ilk rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə kömək göstərəcək bir səfər olacaqdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.Qeyd edilməlidir ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Ötən il Slovakiya Prezidenti Peter Pelleqrini COP29 çərçivəsində Azərbaycana səfər edib. Həmin səfər çərçivəsində noyabrın 11-də iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Həmçinin Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb. Ümumiyyətlə bu səfər iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.Dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə edib. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.
İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.
Əvəz Soltanov- Zərdab rayon Gənclər və İdman sektorunun müdiri





















