Azərbaycanda kifayət qədər böyük enerji potensialı var
Azərbaycan bu gün təkcə zəngin enerji ehtiyatlarına malik ölkə kimi deyil, həm də müasir texnologiyalar sahəsində regional liderliyə doğru irəliləyən güclü iqtisadi mərkəz kimi çıxış edir. İnformasiya texnologiyaları, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal ekosistemin genişləndirilməsi istiqamətlərində ölkənin atdığı addımlar onun gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu proseslərin mərkəzində isə Azərbaycanın əlverişli enerji potensialı, uyğun iqlim şəraiti və beynəlxalq əməkdaşlıqlara açıq iqtisadi mühit dayanır.
Son illər qlobal miqyasda data mərkəzlərinin yaradılması xüsusilə əhəmiyyət kəsb edir. Böyük həcmli məlumatların işlənməsi üçün tələb olunan ən vacib amil isə sabit və güclü enerji təminatıdır. Azərbaycan enerji təhlükəsizliyi və enerji ixracı sahəsində güclü təcrübəyə malik olan bir dövlətdir. Bu gün ölkədə istifadə olunmayan enerji potensialının təxminən 2 giqavata bərabər olması, yaxın beş il ərzində isə bu göstəricinin 8 giqavata çatdırılması planı Azərbaycanın rəqəmsal iqtisadiyyat üçün əlverişli baza yaratdığını sübut edir. Bu cür böyük enerji imkanları beynəlxalq data mərkəzlərinin yerləşdirilməsi üçün xüsusi üstünlükdür. Rəqəmsal informasiya mərkəzlərinin fasiləsiz və təhlükəsiz fəaliyyəti üçün tələb olunan enerji təminatı yalnız yüksək potensial deyil, həm də davamlı və etibarlı enerji infrastrukturunu zəruri edir. Azərbaycan bu sahədə uzun illər ərzində qazandığı təcrübə sayəsində regionun ən güvənilən enerji təchizatçılarından birinə çevrilmişdir.
Data mərkəzlərinin səmərəli fəaliyyəti üçün iqlim amili də mühüm rol oynayır. Azərbaycan coğrafi müxtəlifliyi ilə seçilən ölkələrdən biridir. Hərçənd ölkə Cənub bölgəsində yerləşir, lakin respublikanın əhəmiyyətli hissəsi soyuq və sərt iqlim qurşağına malikdir. Dağlıq bölgələrdə il boyu davam edən aşağı temperatur data mərkəzləri üçün təbii soyutma şəraiti yaradır. Bu isə enerji sərfiyyatının optimallaşdırılmasına, xərclərin azalmasına və daha dayanıqlı fəaliyyət mexanizmlərinin qurulmasına imkan verir.
Bu üstünlüklər fonunda Azərbaycan özünü beynəlxalq data mərkəzləri üçün yeni rəqəmsal hab kimi təqdim edir.
Süni intellektin inkişaf etdiyi bir dövrdə data mərkəzləri olmadan genişmiqyaslı rəqəmsal layihələr mümkün deyil. Azərbaycan yalnız data mərkəzlərinin qurulması ilə kifayətlənmir, həm də süni intellekt, məlumat mübadiləsi, kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahələrində yeni strategiyalar formalaşdırır.
Gələcək onillikdə Azərbaycanın süni intellekt əsasında çalışan iqtisadi modellərə keçidi sürətləndirməsi gözlənilir ki, bu da ölkənin regional rəqəmsal lider kimi mövqeyini gücləndirəcək.
Enerji, coğrafi üstünlüklər, beynəlxalq əməkdaşlıq və inkişaf strategiyaları bir araya gəldikdə, Azərbaycanın qarşısında geniş perspektivlər açılır. Rəqəmsal mərkəzlərin yaradılması və inkişafı təkcə iqtisadi baxımdan deyil, həm də strateji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu sahədə Slovakiya kimi tərəfdaşlarla əməkdaşlıq isə Azərbaycanın rəqəmsal transformasiya yolunda daha sürətli addımlarla irəliləməsinə imkan verir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan yaxın gələcəkdə yalnız enerji ixracatçısı deyil, həm də regionun aparıcı rəqəmsal və texnoloji habına çevrilmək niyyətindədir. Güclü enerji potensialı, iqlim üstünlükləri və strateji tərəfdaşlıqlar bu hədəfə yüksək inam yaradır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
























