Azərbaycançılıq ideologiyası
Ulu Öndərin 90-cı illərin əvəllərində Naxçıvan MR Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi vaxtlar parlamentin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər, qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə atılan addımlar idi. O zaman Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmağın öhdəsindən məhz Ulu Öndər Heydər Əliyev – böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi. Naxçıvanda 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyət ölkəyə rəhbərlik etdi. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin rolunu önə çəkən Ümummilli Lider bu çağrışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, milli Konstitusiyamız qəbul edildi, harada yaşamasından asılı olmayaraq bütün dünya Azərbaycanlıları bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağrıldı. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı, cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inkişafına yol açan qanunlarımız qəbul edildi.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri