Azərbaycan və Qazaxıstan energetika sektorunda strateji tərəfdaşlardır
Son üç ildə ondan çox qarşılıqlı səfərin həyata keçirilməsi, sahə nazirlikləri arasında mütəmadi müzakirələr və birgə planların icrası münasibətlərin sistemli və ardıcıl xarakter daşıdığını təsdiqləyir. Prezidentin vurğuladığı kimi, bütün razılaşdırılmış məsələlər dövlət başçılarının daimi nəzarətindədir.
Azərbaycan və Qazaxıstanın əməkdaşlığının mühüm istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Prezident İlham Əliyev bildirdi ki, “Geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və vahid coğrafi məkan kimi çıxış edir”.
Bu baxımdan Zəngəzur dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, Azərbaycan ərazisində avtomobil və dəmir yolu hissələri 2026-cı ilin ortalarınadək tam hazır olacaq, 2028-ci ilin sonunadək dəhlizin açılışı planlaşdırılır.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşan TRIPP layihəsi Orta Dəhlizin yeni marşrutlarını açır. Bu layihələr Asiyadan Avropaya yük daşımalarının həcmini artırmaqla yanaşı, Azərbaycan və Qazaxıstanın regional logistik mərkəzə çevrilməsinə imkan verəcək.
Ölkə rəhbəri çıxışında Qarabağın dirçəlişində Qazaxıstanın rolunu da xüsusi vurğuladı, Qarabağın bərpası prosesində Qazaxıstanın dəstəyini xüsusi minnətdarlıqla qeyd etdi. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu əməkdaşlığın rəmzinə çevrilib.
Dövlət başçısının sözlərinə görə, bu mərkəz “təkcə uşaqların təhsil ocağı deyil, həm də qardaşlığın və dostluğun simvoludur”. Qarabağın yenidən qurulması və “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi bu cür mənəvi dəstək sayəsində daha geniş miqyas alır.
Azərbaycan və Qazaxıstan energetika sektorunda strateji tərəfdaşlardır. Keçən ilin noyabrında imzalanan Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli müqavilə regionun enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Prezident İlham Əliyevin sözlərinə görə, artıq bir neçə layihə icra mərhələsindədir və iki ölkə ortaq maliyyə mexanizmləri vasitəsilə yeni iqtisadi layihələr həyata keçirməyi planlaşdırır. Bu, qarşılıqlı investisiyanın stimullaşdırılması və qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Humanitar əməkdaşlıq da əlaqələrin mühüm tərkib hissəsidir. Qazaxıstan və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin təşkili, təhsil və gənclər layihələrinin reallaşdırılması xalqlar arasında əlaqələri daha da möhkəmləndirir. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın daimi və sistemli xarakter daşımasının vacibliyini vurğuladı.
Astanada keçirilən görüş bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri sırf diplomatik çərçivədən kənara çıxaraq, ortaq ideallar, mənəvi dəyərlər və qarşılıqlı etimada əsaslanan qardaşlıq modelinə çevrilib.
İki ölkə regional əməkdaşlığın, nəqliyyat dəhlizlərinin, enerji təhlükəsizliyinin və sülhün təminində birgə məsuliyyət daşıyır.
Prezident İlham Əliyevin bəyanatı bu münasibətlərin gələcək istiqamətini aydın şəkildə müəyyənləşdirdi. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan və Qazaxıstan xalqları arasındakı dostluq və qardaşlıq münasibətləri zaman sınağından çıxıb və gələcəyə doğru daha da möhkəmlənəcək.
Rəmzi Şirinov – Zərdab rayon Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbinin direktoru


























