image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-596407350_1407866130693161_7134307435207319330_n

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

image-legitimaz-810x90

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2025-ci ildə Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat ölkənin xarici siyasət fəlsəfəsinin əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi “Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib” fikri, Azərbaycan diplomatiyasının uzun illərdir ardıcıl, düşünülmüş və milli maraqlara əsaslanan strategiya üzərində qurulduğunu vurğulayan mühüm siyasi mesaj idi. Cənab Prezident qeyd etdi ki, “Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.

Bu bəyanat göstərir ki, Azərbaycan bugünkü beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyə malik, çevik və balanslaşdırılmış siyasət yürüdən dövlət kimi formalaşıb. Xarici siyasət prioritetlərinin əvvəlcədən müəyyən edilməsi, ölkənin regional və qlobal proseslərdə özünəinamla hərəkət etməsinə imkan verib. Bu prioritetlərin başlıca təməli milli maraqların qorunması, suverenliyin təmin olunması və beynəlxalq arenada etibarlı tərəfdaş imicinin davamlı şəkildə möhkəmləndirilməsidir.

Cənab Prezidentin bəyanatında ifadə olunan fikir həm də onu göstərir ki, Azərbaycan xarici siyasətində spontan və situativ addımlarla deyil, strateji planlaşdırmaya əsaslanır. Son illərdə regionda baş verən fundamental dəyişikliklər fonunda ölkənin diplomatik kursunu dəyişmədən, lakin şəraitə uyğunlaşdırılmış şəkildə davam etdirməsi bunun bariz nümunəsidir. Azərbaycanın balanslı siyasət xətti həm Avropa İttifaqı, həm də digər mühüm beynəlxalq aktorlarla əməkdaşlıqda ardıcıllıq yaratmış, tərəfdaş ölkələr tərəfindən etibarlı və proqnozlaşdırıla bilən dövlət kimi qəbul edilməsini təmin etmişdir.

Slovakiyada səsləndirilən bu mesaj həmçinin onu göstərir ki, Azərbaycan xarici siyasətini təkpartnyorluq əsasında deyil, çoxvektorlu yanaşma çərçivəsində qurur. Bu yanaşma ölkəyə müxtəlif regionlarla paralel əməkdaşlıq imkanı verir, siyasi və iqtisadi təhlükəsizliyi gücləndirir. Enerji diplomatiyası, nəqliyyat əlaqələri, regional inteqrasiya təşəbbüsləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq – bütün bunlar Azərbaycan xarici siyasətinin çoxdan müəyyənləşmiş istiqamətlərinin ayrılmaz hissələridir.

Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikir eyni zamanda Azərbaycanın prinsipial mövqelərə sadiq qaldığını, bu mövqelərin ölkənin milli maraqları ilə birbaşa bağlı olduğunu bir daha xatırladır. Müasir dünyada geosiyasi təzyiq və dəyişikliklərin artdığı bir dövrdə, xarici siyasət prioritetlərinin aydın müəyyən olunması ölkənin manevr imkanlarını genişləndirir və diplomatik fəaliyyətin effektivliyini artırır.

Slovakiya səfəri çərçivəsində verilən bu mesaj təkcə mətbuat üçün deyil, həm də beynəlxalq tərəfdaşlar üçün ciddi siyasi siqnaldır: Azərbaycan öz istiqamətini çoxdan müəyyən edib və bu kursdan kənara çıxmadan, müstəqil siyasət yürütməyə davam edəcək. Bu isə ölkənin gələcək beynəlxalq mövqeyinin daha da möhkəmlənəcəyinə dair əminlik yaradır.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki