Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib.
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı bildirib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyənləşdirib. İlham Əliyev həmçinin qeyd edib ki, Slovakiyanın uğurlu inkişafı Azərbaycanı çox məmnun edir.
XXI əsrdə müstəqil dövlət üçün xarici siyasətin prioritetlərini milli maraqlara uyğun müəyyən etmək sadə məsələ deyildir. Qloballaşma dalğasının yaratdığı geosiyasi vəziyyətlə regional ziddiyyətlərin qarşılıqlı əlaqəsində düzgün prioritetləri tapmaq hər bir liderdən yaradıcı yanaşma tələb edir. Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər.
Müstəqil dövlətimiz son illərdə xarici siyasətini ən vacib beynəlxalq meyarlar əsasında müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib. Azərbaycan tarazlı xarici siyasət yeritməklə müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunun rəqabət və qarşıdurma meydanına çevrilməsinə yol verməyib. Respublikamızın xarici siyasət fəaliyyətinin formalaşması prosesi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi ilə paralel baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə milli dövlətçiliyimizin bünövrəsini təşkil etmiş, beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf edir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev
























