“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir. Müstəqil dövlət olan Azərbaycanın qəhrəman əsgər və zabitlərinin, şəhidlərinin qanı hesabına qazanılmış, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin əldə edilməsində keçilən yoldur. Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövləti ifadə edir. Çünki bəşəriyyətin hazırkı yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya təsadüf edir və onun mahiyyətindən qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə suveren dövlətlər sistemi yaranıb və müasir beynəlxalq münasibətlər təşəkkül tapıb. Bu münasibətlər suveren dövlətlər arasında yeni normaların və davranış standartlarının yaranması ilə müşayiət edilib. Lakin suverenliyin paradoksal xüsusiyyəti onların tətbiqində meydana çıxan ikili standartlarda özünü büruzə verir. Məsələn, insanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan toplumlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik tutmaq, haqqı, ədaləti birinin xeyrinə, digərinin ziyanına şərh etmək və ya pozmaq. Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə, bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-ın, Fransanın və digər dövlətlərin Ermənistana və Azərbaycana yönəlik siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımı qadağan edən 907-ci düzəliş də ikili standarta bariz nümunə sayılır. 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Zərdab Gənclər evinin əməkdaşı – Cəlal Mecidli.