Son dərəcə mürəkkəb ictimai- siyasi proseslər burulğanında, cəhalət və nadanlığın tüğyan etdiyi bir mühitdə öz ana dilində milli mətbuat yaratmaq, onu yaşatmaq, xalqa, millətə sevginin göstəricisi olmaqla H.B. Zərdabinin bu sevgidən qaynaqlanan qüdrətli iradəsini, əzmini də təzahür etdirir. Sarsılmaz inam, monolit iradə sayəsində təməli qoyulan milli mətbuatımız sonrakı illərdə daha da şaxələndi, genişləndi.Görkəmli maarifçinin başladığı müqəddəs missiya dövrün işıqlı zəka sahibləri, maarifpərvər ziyalıları tərəfindən uğurla davam etdirildi. Müxtəlif ünvanlarda ayrı-ayrı adlarda yeni-yeni mətbu orqanları yaradıldı. Onlar milli oyanış prosesinin aparıcı ideoloji tribunalarına çevrildi, ümummillis məfkurənin, ideologiyanın daşıyıcı funksiyasını layiqincə yerinə yetirdilər. Müstəqilliyimizin bərpasından, xüsusən də ,ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra milli mətbuatımızın da önündə yeni üfüqlər açıldı. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, demokratik dəyərlərin, o cümlədən, söz və mətbuat azadlığının, fikir plüralizminin vüsəti mətbuatın da inkişafına stimul verdi. Diğər sahələr kimi mətbuatımız da dövlətin diqqət və qayğısı sayəsində yeni yüksəliş mərhələsinə qədəm qoydu. Kütləvi informasiya vasitələrinin maddi -texniki bazalarının gücləndirilməsi səmərəli fəaliyyətləri üçün münbit şərait yaradıldı. Ümummilli lider H. Əliyevin sərəncamı ilə ”Əkinçi” qəzetinin fəaliyyətə başladığı 22 iyul tarixi Milli Mətbuatın yaranma günü kimi qeyd olunmağa başladı. 151 yaşlı Azərbaycan mətbuatı haqqında söz açmışkən bu möhtəşəm salnaməni yaradan fədakar jurnalistər barədə də danışmağımız yerinə düşər. Belə ki, milli- mənəvi dəyərlərə sadiq jurnalistlərimiz pak məfkurə işığında öz missiyalarını ləyaqətlə yerinə yetirirlər. Onlar ictimai-siyasi, sosial-mədəni proseslər fonunda Azərbaycan gerçəkliklərini tarixi yaddaş salnaməmizə yazmaqla, operativ olaraq dünya ictimaiyyətinə də məqamında çatdırırlar. Bu, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı özünü dolğun şəkildə təzahür etdirib. Bu yöndə əsil vətənpərvərlik nümunəsi nümayiş etdirib örnək olası media nümayəndələrimiz, hətta qəhrəmanlıq edib şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz də az olmamışdır. Onlar arasında Milli Qəhrəmanlarımız Salatın Əsgərova, Cingiz Mustafayevin göstərdikləri peşəkarlıq rəşadəti, müharibə dövrü jurnalistikası üçün bir məktəb kimi təqdirəlayiqdir. Onların müharibənin dəhşət saçan od-alovu işərisində ölümün gözünə dik baxıb erməni vəhşiliklərini dünyaya bəyan etmələri , əliyalın dinc əhaliyə qarşı insana xas olmayan amansızlıqlara göz yummamaları xalq qarşısında misligörünməmiş vətənpərvərlik nümunəsidir. Eləcə də , 2020 -ci ildə Vətən müharibəsinin ilk anlarından jurnalistlərin cəbhələrdə fəaliyyətləri, ədalətli savaşımızın hamıya çatdırılmasında xidmətləri fəxarət duyduğumuz rəşadətin parlaq təzahürü idi. Onlar şəhidlərin, qazilərin qəhrəmanlıqlarını dolğunluğu ilə yazılı salnaməmizdə tarixləşdirdilər. Yeri gəlmişkən, o zamanlar bütöv media nümayəndələrinin müsəlləh əsgər olub qələbə ruhuna köklənərək etdikləri fədakarlıq da vurğulanmalıdır. Bu tarixi yol qaranlıqdan işığa, cəhalətdən aydınlığa, durğunluqdan tərəqqiyə, inkişafa, maarifçilikdən elmi yüksəlişə, yeni-yeni zəfərlərə doğru marafondu, yürüşdü. İstiqaməti zirvəyə, yüksəlişə, inkişafa, tərəqiyyə tuşlanan , media marafonu mətbuatımızın banisi H. B.Zərdabinin açdığı cığır , geniş koordinatla şaxələnib milli yaddaşımızın möhtəşəm salnaməsini zənginləşdirməkdədir. Yolumuz nurlu, qələmimiz iti,məramımız saf, gələcəyimiz daha aydın və uğurlu olsun!
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Qurbanova Bahar