Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir
Prezident cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində həm ölkəmiz, həm də regionumuzla bağlı olduqca vacib məqamlara toxunub. Ölkə başçısı müsahibəsində son illər Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərə toxunaraq qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycanın Özbəkistanla münasibətləri də xüsusi qeyd edilməlidir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Dost ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər.
Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, din və dil birliyi birləşdirir. Hər iki ölkə Sovet İttifaqının süqutundan sonra müstəqil dövlətlər kimi öz xarici siyasətlərini müəyyənləşdirərkən bir-birinə yaxın dayanmışdır. Son onilliklərdə dövlət başçıları arasında qarşılıqlı səfərlər və imzalanan sənədlər bu münasibətlərin sabit və möhkəm təməl üzərində qurulduğunu göstərir. Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi ilk növbədə dövlət başçıları arasında mövcud olan yüksək qarşılıqlı etimadın nəticəsidir. Prezident cənab İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, imzalanmış çoxsaylı strateji sənədlər iki ölkənin münasibətlərini qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Əməkdaşlığın genişlənməsi üzrə müzakirələr yalnız ikitərəfli məsələlərlə məhdudlaşmır, həm də regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya, enerji və Türk dünyasının birliyi ilə bağlı strateji mövzuları əhatə edir. Özbəkistanın Qarabağın bərpasına töhfə verən ölkə olması iki xalq arasında sarsılmaz dostluğun və qardaşlığın təcəssümünə çevrilib. Füzuli rayonunda Özbəkistan tərəfindən tikilmiş və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən ilk sosial layihədir. Bu məktəb Azərbaycan və Özbəkistan arasında mənəvi və tarixi bağların əyani nümunəsi kimi çıxış edir. Digər mühüm layihə isə Xankəndidə Özbəkistan sərmayələri ilə inşa edilmiş tikiş fabrikidir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


















