Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması.
Oktyabrın 21-də Prezident cənab İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni reallıqların bariz təzahürüdür. Dövlət başçısının “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb” fikri regionda uzun illər davam edən gərginliyin real şəkildə aradan qalxmağa başladığını göstərir. Bu qərar, həmçinin Azərbaycanın sülh prosesinə konstruktiv yanaşmasını, düşmənçilik səhifəsini bağlamaq və qarşılıqlı iqtisadi asılılıq vasitəsilə davamlı sabitlik yaratmaq istəyini ortaya qoyur. Azərbaycanın bu addımı təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də regionun ümumi iqtisadi dinamikası baxımından mühüm strateji əhəmiyyət daşıyır. İlk tranzit yükün Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsi ilə Ermənistana daşınması olması təsadüfi deyil. Bu hadisə, Orta Asiyadan Qafqaz istiqamətinə uzanan nəqliyyat əlaqələrinin genişlənməsini, Azərbaycan vasitəsilə regional inteqrasiyanın dərinləşdiyini və ölkəmizin beynəlxalq logistik qovşaq kimi rolunun möhkəmləndiyini göstərir. Eyni zamanda, bu tranzit əməliyyatı Qazaxıstan–Azərbaycan–Ermənistan xəttində yeni iqtisadi əməkdaşlıq modelinin əsasının qoyulduğunu da təsdiqləyir. Prezident İlham Əliyevin “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir” sözləri isə diplomatik bəyanatdan daha çox, siyasi iradənin ifadəsidir. Bu yanaşma Azərbaycanın sülh prosesinə formal deyil, məzmunca və əməli baxışının göstəricisidir. Çünki real sülh yalnız sənədlərlə deyil, qarşılıqlı etimad yaradan iqtisadi və humanitar addımlarla möhkəmlənir. Azərbaycan bu istiqamətdə təşəbbüs göstərməklə, bölgədə etimadın bərpasına və sabitliyin davamlı olmasına töhfə verir. Eyni zamanda, bu hadisə Ermənistan üçün də mühüm siqnaldır. Azərbaycan tərəfi göstərir ki, əgər İrəvan revanşist ritorikadan imtina edib, sülh gündəliyinə əməl edərsə, regionda qarşılıqlı faydalı əməkdaşlıq mexanizmləri formalaşa bilər. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması təkcə bir inzibati qərar deyil, həm də sülhün iqtisadi əsasının yaradılmasıdır. Bu, həm Ermənistanın təchizat təhlükəsizliyinə, həm də regional nəqliyyat marşrutlarının diversifikasiyasına müsbət təsir göstərəcək. Azərbaycan tərəfinin bu jesti həm də beynəlxalq ictimaiyyət üçün aydın mesajdır: Bakı sülh və əməkdaşlıq gündəliyinə sadiqdir. Ölkəmiz müharibədən sonra regionda qarşılıqlı fayda prinsipinə əsaslanan yeni münasibətlərin qurulması üçün konkret addımlar atır. Bu, Azərbaycanın gücünün və qələbəsinin təkcə hərbi deyil, həm də siyasi və mənəvi üstünlüyə çevrildiyini sübut edir.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.

























