Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır
Azərbaycan Prezidenti ilə Aİ Şurasının Prezidentinin mətbuata verdiyi bəyanatlarda da Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti xüsusi vurğulanıb. Təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı iradə ifadə olunub. Qeyd edilib ki, bu əməkdaşlıq yalnız tərəflərin maraqlarına xidmət etmir, eyni zamanda Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, ticarət və nəqliyyat əlaqələrinin inkişafına da mühüm töhfə verir.
Görüş zamanı Cənubi Qafqazda sülh prosesi də geniş müzakirə olunub. 2020-ci ildə bölgədə yeni reallıqlar yaradan Azərbaycan regionun siyasi mənzərəsini köklü şəkildə dəyişib. Bu gün Cənubi Qafqaz artıq qarşıdurma məkanı deyil, əməkdaşlıq platforması kimi təqdim olunur. Qalib dövlət olmasına baxmayaraq, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri regionun gələcək inkişafı üçün mühüm strateji istiqamət müəyyən edir. Ötən ilin avqustunda əldə olunan Vaşinqton razılaşmaları da bu reallıqların nəticəsi kimi qiymətləndirilir.
Birgə bəyanatda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də müsbət yanaşma ifadə olunub, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri vurğulanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərsə, bu, xalqlar arasında barışığın ən mühüm göstəricisi olacaq. Dövlət başçısının sözləri ilə desək, “Sülhdən yaxşı heç nə ola bilməz”. Antonio Koşta da vurğulayıb ki, həqiqi sülh yalnız siyasi razılaşmalarla deyil, insanların gündəlik həyatında əməkdaşlıq, iqtisadi əlaqələr və ümumi rifahın təmin olunması ilə möhkəmlənir. O, Azərbaycanın regiondakı rolunun son illərdə daha da artdığını xüsusi qeyd edib.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. Hazırda ölkəmizin qaz ixrac etdiyi 16 dövlətin 10-u Avropa İttifaqına üzv ölkələrdir. Bu, Azərbaycan ilə Avropa arasında yüksək etimadın göstəricisidir. Avropa Komissiyası da Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi qiymətləndirir.
Mövcud proqnozlara əsasən, 2026–2028-ci illərdə Azərbaycanın Avropa ölkələrinə qaz ixracı 15–16 milyard kubmetrə çatacaq. Gələcəkdə ixracın artırılması üçün yeni mənbələrin də səfərbər olunması nəzərdə tutulur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yaxın iki-üç il ərzində əlavə olaraq ən azı 10 milyard kubmetr qaz ehtiyatı mövcud olacaq və bunun böyük hissəsi Avropa bazarına yönəldiləcək. Antonio Koşta da Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim
























