Azərbaycan gənclərinin forumları.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökümət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.
Birinci Forum 2 fevral 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997- ci il fevralın 1- də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev 2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan Gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2- də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirirdi.
2003-cü ildən sonrakı dövrdə isə cənab Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007- ci il “Gənclər İli” elan olundu, 2011- ci ildə Gənclər Fondu yaradıldı, 2013- cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan Gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 – günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyasını məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

























