Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsas təminatıdır. Dilin saflığı hər bir xalqın milli varlığının, mənəvi irsinin və mədəni bütövlüyünün əsas göstəricisidir. Azərbaycan dili — xalqımızın düşüncə tərzini, dünyagörüşünü, tarixini və milli kimliyini özündə daşıyan müqəddəs bir dəyərdir. Bu dil əsrlər boyu böyük sınaqlardan keçmiş, xalqımızın milli şüurunun formalaşmasında, ədəbi və elmi fikrin inkişafında aparıcı rol oynamışdır.
Azərbaycan dilinin saflığının qorunması məsələsi bu gün təkcə dilçilərin və ədəbiyyat adamlarının deyil, bütün cəmiyyətin — dövlətin, alimlərin, müəllimlərin, jurnalistlərin və hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Prezident cənabnİlham Əliyevin də qeyd etdiyi kimi:
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır… Əgər biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.”
Bu çağırış təkcə dil məsələsi deyil, həm də milli təhlükəsizlik və mədəni müstəqillik məsələsidir. Çünki dilin yad təsirlər qarşısında zəifləməsi, onun saflığının pozulması milli düşüncənin parçalanmasına, mədəniyyətin bərbad olmasına səbəb ola bilər.
Azərbaycan dili xalqımızın mədəni varlığının əsas sütunudur. Bizim klassik ədəbiyyatımız, dastanlarımız, bayatılarımız, atalar sözlərimiz və müasir yazılı irsimiz bu dilin saflığı sayəsində qorunub və nəsildən-nəslə ötürülüb. Hər bir xalqın dili onun ruhudur; ruhsuz xalq isə tarix səhnəsində öz varlığını uzun müddət qoruya bilməz.
Bugünkü qloballaşma dövründə dünya dilləri bir-birinə daha çox təsir göstərir. İnformasiya texnologiyalarının, sosial medianın və kütləvi mədəniyyətin sürətli yayılması nəticəsində Azərbaycan dilinə də çoxlu sayda yad kəlmələr daxil olur. Bu proses bəzən dilin lüğət tərkibini zənginləşdirsə də, çox hallarda onun orijinallığını və təbii ifadə imkanlarını zəiflədir. Buna görə də dövlət səviyyəsində dilin qorunması, normativ qaydalarının möhkəmləndirilməsi, ədəbi dilin saflığının təmin olunması mühüm vəzifədir.
Azərbaycan dilinin saflığının qorunması milli ideologiyanın ayrılmaz hissəsidir. Dilimiz yalnız rabitə vasitəsi deyil, həm də milli kimliyimizi qoruyan canlı yaddaşdır. Əgər bu yaddaş yad təsirlər qarşısında itirilərsə, xalqın milli özünüdərki də tədricən zəifləyər.
Azərbaycan dövlətinin dil siyasəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli ideologiyanın mühüm tərkib hissəsidir. Onun təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit olundu, dilin işləkliyi və saflığının qorunması üçün hüquqi baza formalaşdırıldı. Bu siyasət bu gün də Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Dövlət bu sahədə mühüm addımlar atır: dilin qorunması ilə bağlı proqramlar hazırlanır, “Azərbaycan dilinin saflığının qorunması haqqında” qərarlar qəbul edilir, televiziya və media məkanında dil normalarına riayət olunmasına nəzarət gücləndirilir. Lakin bütün bu tədbirlər yalnız bir istiqamətdən kifayət etmir. Burada alimlərin, dilçilərin, yazıçıların, jurnalistlərin, müəllimlərin və ziyalıların birgə fəaliyyəti vacibdir.
Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin, mədəni irsimizin və dövlət müstəqilliyimizin ayrılmaz hissəsidir. Bu dil bizim tariximizin, ədəbiyyatımızın, milli ruhumuzun daşıyıcısıdır. Onun qorunması təkcə dilçilərin və dövlətin deyil, bütün xalqın, hər bir vətəndaşın mənəvi borcudur.
Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, bu məsələyə ciddi diqqət yetirilməli, alimlər, ziyalılar və media nümayəndələri öz məsuliyyətlərini dərk etməlidirlər. Əks halda, dilimizdəki yad təsirlər milli dəyərlərimizi zəiflədə bilər.
Azərbaycan dili bizim milli varlığımızın səsidir. Onun saflığını qorumaq Azərbaycanın gələcəyini qorumaq deməkdir. Hər bir azərbaycanlı ana dilinə sevgi və məsuliyyətlə yanaşmalı, onu gələcək nəsillərə təmiz, saf və zəngin şəkildə ötürməlidir.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva




















