Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər.
1992-ci ildə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən qəbul edilən və “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişin ləğv olunma prosesi real siyasi müzakirə mərhələsindədir. ABŞ Administrasiyası və Konqresdə bu məsələ artıq gündəmdədir. 2025-ci ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. Həmin ilin dekabrın 10-da isə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. “907-ci düzəliş” – Amerika Birləşmiş Ştatlarının 1992-ci il “Azadlığa Dəstək Aktı”na daxil edilmiş bir maddədir. Bu maddə ABŞ tərəfindən Azərbaycana birbaşa yardım göstərilməsini uzun illər məhdudlaşdırıb. Sözügedən düzəliş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə aparması və BMT qətnamələrini pozmasına baxmayaraq, işğalçı Ermənistana deyil, təcavüzə məruz qalmış Azərbaycana sanksiya tətbiq edirdi ki, bu da beynəlxalq hüquq və ədalətlə qətiyyən uzlaşmırdı. Məntiqlə təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal edimiş, soyqırımı və qətliamlarla üzləşmiş Azərbaycan yox, həqiqi təcavüzkar Ermənistan cəzalandırılmalı idi.
Prezident cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində 907-ci düzəlişin qəbul edildiyi ağır dövrdən və bu düzəlişin ləğvini zəruri edən faktorlardan danışıb. Cənab Prezident müsahibədə “907-ci düzəlişi” mənfur sənəd adlandırıb: “Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında birnömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi – Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir”. Azərbaycan regionda sülh və əməkdaşlıq platformasının əsas təşəbbüskarlarından biridir. Ermənistanla münasibətlərin normallaşması, yolların açılması və iqtisadi inteqrasiya istiqamətində atılan addımlar, Azərbaycanın sülhə nə qədər sadiq olduğunu göstərir. Bu kontekstdə 907-ci düzəlişin aradan qaldırılması təkcə hüquqi deyil, həm də siyasi və mənəvi ədalətin bərpası olardı. Belə bədnam bir düzəlişin hüquqi və siyasi olaraq qüvvədə saxlanılması sülh prosesinə ziddir və eyni zamanda ABŞ-nin regionda obyektiv vasitəçi olmaq statusuna xələl gətirir. 907-ci düzəlişin ləğvi istiqamətində addımların atılması sadəcə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası münasibətlərində yeni mərhələnin başlanğıcı yox, eyni zamanda Ağ Evin Cənubi Qafqaz regionunda mövcud reallıqları daha obyektiv dəyərləndirməyə başladığının siyasi siqnalı kimi də başa düşülməlidir. Dövlətimizə qarşı ədalətsiz və birtərəfli yanaşmanın hüquqi simvoluna çevrilmiş 907-ci düzəlişin faktiki olaraq neytrallaşdırılması yönündə başladılan təşəbbüs regionda güc balansının dəyişdiyinin, Azərbaycanın diplomatik, hərbi və geosiyasi baxımdan daha güclü aktora çevrildiyinin bariz göstərici və nəticəsidir.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru






















