Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ölkə başçısının elmə verdiyi yüksək dəyərlərdəndir. Bu sərəncam Azərbaycan elminə, alimlərinə, ziyalılarına verilən böyük dəyərin, dövlətimizin intellektual qüvvələrə olan hörmət və etimadının ifadəsidir. Bu elm məbədi yarandığı gündən respublikanın elmi-intellektual potensialının formalaşdırılmasında, elmi düşüncənin inkişafı istiqamətində müstəsna xidmətlərə malikdir. “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”. Bu fikirləri Prezident cənab İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqva çıxışı zamanı bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. Maddi mədəniyyət abidələri və bir çox elmi mənbələr göstərir ki, hələ qədim Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və başqa elmlər yüksək səviyyədə inkişaf etmişdir. Ötən 80 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. “Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur”, – deyə bildirən Cənab Prezident bildirib ki, O, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir,: “Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.”
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal




















