Astanada keçirilən görüşlər Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələnin başlanğıcını ehtiva edir
Beynəlxalq platformalarda da tərəflərin yaxın əməkdaşlığı diqqət çəkir. Azərbaycan və Qazaxıstan hər zaman BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, mövcud layihələri və təşəbbüsləri birgə həyata keçirir. Gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi edəcək. Həmin tədbirlər iki ölkə arasındakı strateji tərəfdaşlığın, ortaq dəyərlərin və regional liderliyin növbəti bariz nümunəsi olacaq.
Tərəflər, həmçinin Avrasiya regionu ilə əlaqələrin inkişafı, Cənubi Qafqazın tranzit potensialının genişləndirilməsi və iqtisadi inteqrasiyanın təşviqi məsələlərinə toxunublar. Avqustda Vaşinqtonda imzalanan TRIPP layihəsi çərçivəsində açılan yeni marşrutlar, həm yüklərin dövriyyəsini artırmaqla, həm də ticarət potensialını genişləndirərək, regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyasına xidmət edir. Bu layihələr, həmçinin Azərbaycan və Qazaxıstanın iqtisadi diplomatiyasının uğurlu təzahürü kimi dəyərləndirilir. Dövlətimizin başçısı sözügedən müsahibəsində bildirib ki, bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik: “Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlər nəinki ölkələrimiz, bütün türk dünyası üçün olduqca faydalıdır. Çünki bütövlükdə türk dünyasının güclənməsi prosesi gedir ki, burada ölkələrimizin arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mühüm amildir. Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri, səfər zamanı aparılan müzakirələr və mübadilə edilən sənədlər əlaəqlərimizi daha da gücləndirəcək.
Cənab İlham Əliyevin bu dəfəki səfərində də müxtəlif istiqamətlər üzrə 10-dan artıq sənəd imzalandı. Əvvəlcə Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı” və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı” imzaladılar.
Həsən Abulov – Rayon Ağsaqqallar Şurasının sədr müavini

























