Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər
İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğunu bildirmiş və buna son qoyulmasını tələb etmişdir. Eyni zamanda separatçıların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuş, bununla əlaqədar Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.
Azərbaycan Ordusu hərb tariximizə daha bir şərəfli səhifə yazdı. Ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsi belə deməyə əsas verir. Bu tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Ordumuzun yüksək peşəkarlığına dostlarımız da, düşmənlərimiz də bir daha şahid oldular. Dostlarımız sevindilər, düşmənlərimiz kədərləndilər. Əminliklə demək olar ki, antiterror tədbirlərinin peşəkarlıqla həyata keçirilməsi nəticəsində ölkəmizin qarşısına qoyduğu strateji hədəflərə tam nail olundu. Qondarma separatçı rejimin bir sutka ərzində ağ bayraq qaldırması da, əslində, tədbirlərin uğurlu olmasının təsdiqidir.
Azərbaycanın bir sutka ərzində böyük hədəflərə nail olmasının şahidi olduq. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyinin və Azərbaycan Ordusunun yüksək peşəkarlığının nəticəsidir. Daha öncə razılığa gəlmək istəməyən, Azərbaycanın sosial-iqtisadi, hüquqi sisteminə reinteqrasiya etməkdən yayınan, qanunsuz hərbi birləşmələrin bölgədən çıxarılmayacağını bildirən, onu “müdafiə ordusu” adlandıran separatçı xunta rejimi “dəmir yumruğ”un gücünü bir daha gördü. Nəticədə, müqavimət göstərməyin mənası olduğunu başa düşərək təslim oldular, ağ bayraq qaldırdılar.
Beləliklə, Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarximizin şanlı səhifəsini yazdı. Suverenliyini bərpa etməklə regionda yeni reallıqlar yaradan dövlətimiz beynəlxalq müstəvidə də mövqelərini əhəmiyyətli dərəcədə yüksəldib. Bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva