Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından əlamətdar deyil. Bu, həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər yaradan əhəmiyyətli geosiyasi amildir.
2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatı, regionda təhlükəsizlik vəziyyətinin yenidən nəzərdən keçirilməsinə və ciddi dəyişikliklərə səbəb oldu. Bu əməliyyat, bölgədəki terror təşkilatlarına qarşı yönəlmiş mübarizənin bir hissəsi olaraq, hökumət tərəfindən geniş miqyaslı bir tədbir olaraq həyata keçirildi. Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdı. Həmin Bəyanata əsasən Ağdam, Laçın və Kəlbəcər şəhərləri heç bir güllə atılmadan azad edildi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. Ancaq üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində nəinki öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı, əksinə bura əlavə canlı qüvvə və hərbi texnika yerləşdirdi. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı haqlı narahatlığını ifadə edərək dəfələrlə rəsmi İrəvana, onların xaricdəki havadarlarına və digər tərəflərə mesaj verərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qeyd etməliyik ki, antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimizin qəhrəmanlığı, peşəkarlığı nəticəsində qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edildi.
Bir sözlə, 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı və qondarma rejiminin «rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi.
Zərdab rayonu üzrə Gənclər və İdman sektorunun müdiri – Əvəz Soltanov