image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d-ahmadova

2 Fevral – Azərbaycan Gəncləri Günü

image-legitimaz-810x90

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğının, düşünülmüş və ardıcıl dövlət siyasətinin rəmzi kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Azərbaycan dövlətçiliyinin strateji istiqamətlərindən biri olmuş, gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyi kimi dəyərləndirilmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 1997-ci ildə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş və bu addım beynəlxalq miqyasda da qabaqcıl təcrübə kimi qiymətləndirilmişdir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti sistemli xarakter almış, bu sahədə mühüm hüquqi və institusional əsaslar formalaşdırılmışdır. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi, istedadlı gənclərə dövlət qayğısını təmin edən fərman və sərəncamlar, “Qızıl kitab”ın təsis edilməsi, “Gənclər siyasəti haqqında” Qanunun qəbul olunması gənc nəslin inkişafına yönəlmiş ardıcıl addımlar olmuşdur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, azərbaycançılıq ideologiyasının gənc nəslin dünyagörüşündə möhkəmləndirilməsi Ulu Öndərin gənclər siyasətinin əsas ideya xəttini təşkil etmişdir. Onun “Azərbaycanın genofondu gənclərdir” fikri bu siyasətin fəlsəfəsini aydın şəkildə ifadə edir.

Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncləri üçün yaradılan geniş imkanlar, həyata keçirilən dövlət proqramları, sosial layihələr və beynəlxalq təşəbbüslər gənclərin hərtərəfli inkişafına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gənclərin özünə inamını artırmış, onların bilik və bacarıqlarının reallaşmasına, cəmiyyətin bütün sahələrində fəal mövqe tutmasına şərait yaratmışdır. “Gənclər ili”nin elan edilməsi, “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması, Gənclər Fondunun fəaliyyəti, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, könüllülük hərəkatının genişlənməsi bu siyasətin konkret nəticələridir.

Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək, uğurla icra edilir. Bu sırada “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı qeyd etmək olar. Bu proqramlar nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil alır, savadlı kadr kimi yetişirlər. Təhsildən sonra isə gənc kadrlar müvafiq işlərə qəbul olunur və “Yüksəliş” kimi müsabiqələr nəticəsində vəzifələrə təyinat alırlar.
Hazırda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur.  Bütün bunların nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, onların ictimai həyatda rolu önəmli dərəcədə artıb.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” da hazırda uğurla icra edilir. Hər il 10 nəfər gəncə fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.

Vətənpərvərlik amili bu siyasətin ayrılmaz tərkib hissəsidir. Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq, informasiya müharibəsində əldə olunan üstünlük gənc nəslin milli şüurunun, dövlətə və torpağa bağlılığının bariz nümunəsidir. Müstəqil Azərbaycanın müdafiəsi və inkişafı naminə canından keçən gənclərimiz xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu gün də gənclərimiz Dördüncü Sənaye İnqilabı dövrünün çağırışlarına cavab verərək innovasiya, texnologiya, elm və yaradıcılıq sahələrində fəal mövqe tutur, ölkənin davamlı inkişafına töhfə verirlər.

Nəticə etibarilə, Azərbaycan gəncləri azad, sabit və güclü dövlətdə yaşayır, dövlətin onlara göstərdiyi etimadı əməli fəaliyyəti ilə doğruldur. Gənclərin təşəbbüskarlığı, enerjisi və vətənpərvərliyi ölkəmizin bu günü və gələcəyi üçün möhkəm təməl yaradır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yol və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti Azərbaycanın parlaq sabahının əsas təminatıdır.

Dərya Əhmədova, Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki