28.01.2026-cı il tarixdə Saatlı rayon Mədəniyyət mərkəzində Saatlı rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Xeberaz.info xəbər verir ki,hesabat yığıncağında Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Milli Məclisin deputatları Əziz Ələkbərov və Səyyad Aran, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon icra hakimiyyəti başçısının kənd icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra rayonda fəaliyyət göstərən istehsal müəssisələri tərəfindən istehsal olunmuş kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə və rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən məlumat lövhəsinə baxış keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri hesabat məruzəsi ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunan 2025-ci ilin ölkəmiz üçün mühüm siyasi və iqtisadi nailiyyətlərlə yadda qaldığını, eyni zamanda tarixi Zəfərimizin beşinci ildönümü kimi tarixə düşdüyünü və əvvəlki illərin uğurlu inkişaf tendensiyalarına uyğun olaraq hesabat dövründə də Saatlı rayonunda sosial-iqtisadi sahələr üzrə həyata keçirilmiş tədbirlər nəticəsində əsas göstəricilər üzrə müsbət nəticələrin əldə olunduğunu qeyd etmişdir.
2025-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş Fərman və Sərəncamların icrasının təmin edilməsi məqsədilə Saatlı rayonunda genişmiqyaslı maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilmiş, rayonun sosial-iqtisadi göstəricilərində inkişaf və nəzərəçarpan müsbət dəyişikliklər müşahidə olunmuşdur.
Belə ki, 2025-ci ildə 3853,1 hektar “Prime Cotton” MMC-nin Saatlı filialı, 3700 hektar “AGRO-AZ” MMC, 2550 hektar “Azərpambıq ASK” MMC-nin Saatlı filialı, 1800 hektar “P-Agro” MMC-nin Saatlı filialı, 350 hektar “Taşobası” MMC, 381 hektar “Apeks-Agro” MMC ilə fermer və mülkiyyətçilər arasında müqavilə bağlanmış, istehsalçılar tərəfindən 12634,1 hektar sahədə çiyid səpini aparılmışdır. Ötən il rayonun pambıqçıları hər hektardan 36,2 sentner olmaqla 45733,4 ton pambıq tədarük etmiş, bunun 2324,87 tonu əllə, 43408,53 tonu isə texniki vasitələrlə yığılmışdır. Pambığın becərilməsi və yığımı işlərinə ümumilikdə 3050 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. Hesabat ilində mülkiyyətçilər tərəfindən pambıqçılıqdan 25 milyondan çox xalis gəlir əldə edilmişdir. Ötən ilin təsərrüfat ilində 2024-cü illə müqayisədə pambıq istehsalının həcmi 2,7 sentner, tonla ifadəsində isə 2327,6 ton artıq olmuşdur.
Rayonda 7 min hektar ərazidə “İD-Aqropark”ın yaradılması işləri davam etdirilir ki, burada soyuducu anbar, istixanalar, tövlələrin tikilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becərilməsi nəzərdə tutulmuşdur. Hazırda ərazidə 70 nəfər işləyir, gələcəkdə isə 300 nəfərin işləməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, rayonunun Sımada kəndi yaxınlığında fəaliyyət göstərən “ALLES” MMC tərəfindən məqsədyönlü işlər həyata keçirilmişdir. 2025-ci ildə şirkət tərəfindən əraziyə müxtəlif növ kənd təsərrüfatı texnikaları gətirilmiş, 200 hektar arpa, eyni zamanda 300 hektar yonca əkilmişdir. Ərazidə 2400 başdan yuxarı iri buynuzlu, 1700 başdan yuxarı xırda buynuzlu mal-qara mövcuddur. Hazırda 50 nəfər işləyir, gələcəkdə isə 150 nəfərin işləməsi nəzərdə tutulmuşdur.
Naharlı kəndinin yaxınlığında bağçılıq təsərrüfatında 88 hektar ərazidə meyvə bağları salınmış, müasir suvarma sistemləri qurulmuş, əraziyə günəş panelləri yerləşdirilərək regionda ilk olaraq ikili sayğac sistemi quraşdırılmış və ölkə ərazisində ilk olaraq yeraltı damlama sisteminə keçid başlamışdır. Ərazidə hazırda 35 nəfər işləyir, gələcəkdə 100 nəfərin işləməsi nəzərdə tutulmuşdur.
2025-ci il ərzində 261 milyon 580,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 milyon 942,2 min manat və ya 5,2 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 151 milyon 618,5 min manatı və ya 58 faizi bitkiçilik, 109 milyon 961,8 min manatı və ya 42 faizi heyvandarlıq məhsullarının payına düşür.
Rayon üzrə ilkin məlumatlara əsasən ümumi məhsul istehsalının həcmi faktiki qiymətlərlə keçən illə müqayisədə 8,9 faiz artaraq 476 milyon 286 min manat olmuşdur. Ümumi məhsul istehsalının həcmində sənaye üzrə 24,2 faiz, kənd təsərrüfatı üzrə 5,2 faiz, tikinti üzrə 4 faiz, informasiya və rabitə üzrə 30,3 faiz artım qeydə alınmışdır. Eyni zamanda, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi də əvvəlki illə müqayisədə 7,8 faiz artaraq 38 milyon 701 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 5,7 faiz artaraq 346 milyon 800 min manat təşkil etmişdir.
Hesabat məruzəsində, həmçinin 2025-ci il ərzində rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su və digər kommunal xidmətlərlə fasiləsiz və keyfiyyətli təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər, eləcə də vətəndaşların müraciətləri, ərizə və şikayətlərinin vaxtında və obyektiv şəkildə araşdırılması sahəsində görülmüş işlər geniş təhlil edilmişdir.
Əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına, habelə aztəminatlı ailələrə xüsusi diqqət, qayğı və dəstək göstərilmiş, vətəndaşların gündəlik sosial problemlərinin vaxtında və operativ həlli istiqamətində səyyar qəbul və görüşlər ardıcıl şəkildə həyata keçirilmişdir.
Eyni zamanda, rayon ərazisində yaşayış məntəqələrinin abadlaşdırılması, tikinti və təmir işləri, eləcə də yaşıllaşdırma və ətraf mühitin qorunması tədbirləri planlı və ardıcıl formada davam etdirilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əziz Ələkbərli və Səyyad Aran çıxış edərək 2025-ci ildə rayon üzrə sosial-iqtisadi sahələrdə həyata keçirilmiş işlərə toxunmuş, əldə olunan nəticələri təhlil etmiş, eyni zamanda 2026-cı ildə qarşıda duran əsas vəzifələr, prioritet istiqamətlər və görülməsi nəzərdə tutulan tədbirlər barədə fikirlərini bölüşmüşlər. Qeyd olunmuşdur ki, hesabat dövründə həyata keçirilən layihələr rayonun inkişafına mühüm töhfə vermiş, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir. Çıxışlar zamanı görülən işlər yüksək qiymətləndirilmiş, qarşıdakı dövrdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətləri, aparılan strateji və struktur islahatlar, ölkənin sosial-iqtisadi inkişafı üçün müəyyən edilmiş prioritet hədəflər, vətəndaşların rifahının yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində görülmüş tədbirlər, habelə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyəti, bu çərçivədə şəhər və kənd yaşayış məntəqələrinin planlı şəkildə yenidən qurulması, müasir memarlıq prinsiplərinin tətbiqi və Böyük Qayıdış Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə geniş və ətraflı məlumat vermişdir.
Daha sonra YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova və Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədov çıxış edərək rayonun sosial, iqtisadi, ictimai, siyasi, təhsil və digər sahələrinin inkişafı ilə bağlı aparılan işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər haqqında məlumat vermişlər.
Hesabat yığıncağının sonunda iştirakçılar adından cənab Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.


































