2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Prezident cənab İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb. Bu gün Prezident cənab İlham Əliyevin Sərəncamları əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”. Artıq 5-ci ildir ki, Ağdamlılar Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd edirlər.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc






















