Ən son xəbərlər:

04.04.2023/16:32/ Gəncədə Əməkdar məşqçi Elçin Zeynalovun 75 illik yubileyi təntənə ilə qeyd edilib

Gəncədə Əməkdar məşqçi Elçin Zeynalovun 75 illik yubileyi təntənə ilə qeyd edilib.

Nəinki Gəncədə, respublikamızda da idmanın inkişafına böyük töhfələr vermiş Şöhrət ordenli, Tərəqqi medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalovun bu il 75 yaşı tamam olur. Bu münasibətlə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər 10 saylı tam orta məktəbdə tədbir keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçı Niyazi Bayramovun, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopun, millət vəkili Müşfiq Cəfərovun, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin, Gəncə şəhər İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi rəisinin, ADAU-nun rektor əvəzinin, şəhərin idman ictimaiyyətinin, ziyalıların və təhsil işçilərinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin məlumatına istinadən Elçin Zeynalovun şərəfli ömür yolundan bəhs edən icra başçı Niyazi Bayramov bildirib ki, əməkdar məşqçi ömrünün çox hissəsini idmanın inkişafına həsr edib. Onun yetirmələrinin bir çoxu dünya, Avropa çempionatlarının, həmçinin Dünya Kubokunun qalibi və mükafatçılarıdır. 2012-ci ildə London Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala layiq görülmüş Toğrul Əsgərov isə öz məşqçisi Elçin Zeynalovun ümidlərini şərəflə doğruldub. İcra başçısı çıxışında qeyd edib ki, Elçin Zeynalovun idman sahəsində göstərdiyi xidmətlər Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmiş və onu müxtəlif orden və medallarla, fəxri adlarla təltif etmişdir. Əməkdar məşqçini idmanın inkişafında əvəzsiz xidmətlərinə görə Təşəkkürnamə ilə təltif edən icra başçısı onu 75 illik yubileyi münasibəti ilə təbrik etmişdir.

Tədbirdə iştiak edən qonaqlar yubilyarı 75 yaşı tamam olması münasibçti ilə təbrik edib, ona uzun ömür və işlərində uğurlar arzulayıblar.

İstedadlı şagirdlərin ifa etdikləri musiqi nömrələri və idman hərəkətləri tədbirə xüsusi rəng qatıb.

Elçin Zeynalov tədbirin sonunda çıxış edərək ölkədə idmana göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Həmçinin tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlıq edib.

Təbdir böyük ruh yüksəkliyi ilə sona çatıb.