Ən son xəbərlər:

05.11.2022/16:11/ Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində yeni layihənin təqdimatı keçirilib

Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində “Azərbaycanda ilk dəfə olaraq iribuynuzlu heyvanlarda embrion köçürmə” mövzusuna həsrə olunmuş toplantı keçirilib.

Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb.  Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı səbəbi ilə embrion transferinə tələbin formalaşmaması olub.

FAO-nun Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə Kənd Təsərrüfat Nazirliyi və Respublika Süni Mayalanma Mərkəzinin birgə layihəsi ilə Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi layihəsi həyata keçirilib. Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Bu məqsədlə Göygöl rayonunda yerləşən Respublika Süni mayalanma Mərkəzinə gətirilmiş 35 baş “Simmental” cinsindən olan resipiyent düyələrdən 27 resipiyentə embrionlar köçürülmüşdür. Embrion transferi prosesini həyata keçirəcək Respublika Süni Mayalanma Mərkəzinin 5 mütəxəssisi Almaniyada müvafiq kurslarda iştirak etmişlər.

Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır.

Toplantıda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Almaniya və Rusiyadan olan mütəxəssislər iştirak ediblər.