Ən son xəbərlər:

09.10.2022/13:13/ “Naftalanda Beynəlxalq Elmi – Praktik Konfrans keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı, PMD Hospitality-nin partnyorluğu ilə “Naftalan-sağlamlıq və Turizmin Sinerji Mənbəyi Regionda Yeni Reallıqlar” Beynəlxalq Elmi – Praktik Konfrans işə başlayıb.

Konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsi ilə yanaşı Vətən Müharibəsindən sonra turizm  üçün yaranmış imkanlardır.

Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna Respublikalarının,   Rusiya Federasiyasının, Almaniya Federativ Respublikasının turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini həmçinin  Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksini ziyarət  edərək xatirələrini  ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirildikdən sonra Konfrans açıq elan olunub.

Konfransda Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, yeni dövrün reallıqlarını özündə ehtiva edən uğurlu inkişaf strategiyasının nəticəsi olduğunu, ölkəmizin dünya ölkələri sırasında böyük nüfuz sahibinə, etibarlı tərəfdaşa  və regionda sülhün və stabilliyin qarantına çevrilməkdə olduğunu qeyd edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini İlqar Qasımov,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini  Rauf Hacıyev, Millət Vəkili Anar Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün xanım Əliyeva, “PMD Hospitality” MMC-nin baş icraçı direktoru Samir Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Xidmətinin rəisi Umayra xanım Tağıyeva çıxış edərək, ölkəmizin işğaldan azad olunmuş bölgələrində turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşurutlarının yaradılması, habelə ölkəmizin sağlamlıq və turizm xidmətlərinin  rəqabət qabiliyyətinin yüksəldilməsini xüsusi vurğulayıblar.

Sonra  konfrans iştirakçıları Naftalan neftindən hazırlanan məhsullarla, tanış olmuşlar.

Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında  əməkdaşlıq memorandumu imzalanıb.