Ən son xəbərlər:

05.10.2022/22:10/ OPEC + neft hasilatının azaldılması qərarı Baydeni məyus edib

ABŞ prezidenti Co Bayden OPEC + ölkələrinin neft hasilatının azaldılması barədə qərarından məyus olub.
Baydenin milli təhlükəsizlik və iqtisadiyyat üzrə müşavirləri Ceyk Sullivan və Brayan Dizanın açıqlamasında OPEC-in bu qərarını dünya böhranı fonunda dardüşüncəlik  adlandırmışlar.


«Qlobal enerji tədarükünün qorunması birinci dərəcəli əhəmiyyət kəsb edərkən, bu qərar artıq enerji qiymətlərinin artmasından əziyyət çəkən aşağı və orta gəlirli ölkələrə çox mənfi təsir göstərəcək», – deyə məlumatda bildirilir.
Bayden Energetika nazirinə hasilatın həcminin artırılması imkanının öyrənilməsini tapşırıb. Prezidentin göstərişi ilə ABŞ Energetika Nazirliyi növbəti ay Strateji Neft Ehtiyatından daha 10 milyon barel bazara çıxaracaq.
Oktyabrın 5-də təşkilatın Nazirlik Monitorinq Komitəsinə (Joint Ministerial Monitoring Committee, JMMC) daxil olan OPEC + ölkələrinin əsas nazirləri neft hasilatının gündə 2 milyon barel azaldılması barədə razılığa gəlmişlər.
2020-ci ildə koronavirus pandemiyası fonunda tələbatın azalması səbəbindən OPEC + neft hasilatını gündə 9,7 milyon barel azaltdı, 2022-ci ilin avqustundan alyans öz ixtisarlarında çıxışının final mərhələsinə keçdi. Oktyabr ayında OPEC + avqust parametrlərinə sadiq qalır.