Ən son xəbərlər:

15.12.2022/08:41/ Kanada “Şimal axını” turbinlərinə qarşı sanksiyaları geri qaytarır

Kanadanın xarici işlər naziri Melani Coli və təbii sərvətlər naziri Conatan Uilyams bildiriblər ki, Kanada hakimiyyəti Rusiyanın “Şimal axını” boru kəmərlərinin turbinlərinə qarşı sanksiyaları bərpa edir.

“Kanada hökuməti Monrealdakı Siemens zavodunda təmir edilmiş turbinlərin Almaniyaya qaytarılması üçün verilmiş müvəqqəti icazəni ləğv etmək qərarına gəlib”, – məlumatda belə deyilir.

“Kanada bu qərarı qəbul edərək, sanksiyalardan imtinanın verilməsi ilə bağlı şəraitin dəyişdiyini və bunun artıq öz məqsədinə xidmət etmədiyini qəbul edir”, – nazirlər belə bildiriblər.

Onların sözlərinə görə, qərar Ukrayna, Almaniya və digər Avropa müttəfiqləri ilə sıx əməkdaşlıqdan sonra qəbul edilib.

Daha əvvəl Bloomderg məlumatlı mənbələrə istinadən Kanada hakimiyyətinin Rusiyanın “Şimal axını” boru kəmərlərinin turbinlərinə qarşı sanksiyaları bərpa etmək niyyətini açıqlamışdı.

“Qərar Almaniya və Ukrayna hökumətlərinin diqqətinə çatdırılıb və Kanada tərəfindən elan ediləcəyi gözlənilir”, – mənbə belə bildirib.

Qeyd olunub ki, Kanadanın baş naziri Castin Trüdo və Almaniya kansleri Olaf Şolz çərşənbə axşamı telefon danışığı zamanı bu məsələni müzakirə ediblər.