Ən son xəbərlər:

15.12.2022/03:44/ İspaniyada tütün məmulatlarının qeyri-qanuni istehsalı üzrə Avropanın ən böyük şəbəkəsi ləğv edilib

İspaniya Mülki Qvardiyası tütün məmulatlarının qeyri-qanuni istehsalı və yayılması ilə bağlı Avropanın ən böyük şəbəkəsini ləğv edib.

Bunu İspaniya mətbuatı, xüsusən də Diario de Navarra yazır. İspaniya polisi Navarra və Bask ölkəsində genişmiqyaslı əməliyyat keçirib: bu bölgələrdə bir neçə anbarda axtarışlar aparılıb, əməliyyat zamanı 16 şübhəli həbs edilib. Onlar qaçaqmalçılıq, cinayətkar dəstə təşkil etmək və digər cinayətlərdə ittiham olunurlar.

İspaniya rəsmilərinin bildirdiyinə görə, cinayəti törədənlər qaçaqmalçılıq yolu ilə tütün alıblar, daha sonra yeraltı fabrikdə ondan siqaret hazırlayıb və məşhur markaların qutularının surətini çıxaran qutulara yığıblar. Polis əməliyyat zamanı 3 milyon qutudan çox siqaret, 3 ton siqaret istehsalı üçün üyüdülmüş tütün və 27 ton tütün yarpağı müsadirə edib. Polisin məlumatına görə, fabrikin gücü ayda 3 milyon qutu siqaretə çatıb və son bir neçə ayda orada 14 milyon qutudan çox istehsal edilib. Bildirilir ki, fabrikdə işçilər qul şəraitində işləyiblər.