Ən son xəbərlər:

14.12.2022/15:15/ Danske Bank Estoniyada çirkli pulların yuyulması ilə bağlı 2 milyard dollardan çox pul ödəyəcək

Danske Bank ABŞ və Danimarka səlahiyyətliləri tərəfindən Estoniyadakı keçmiş törəmə şirkəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində razılığa gəlib. ABŞ Ədliyyə Departamenti, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası və Danimarkanın Xüsusi Cinayət Bölməsi ilə bağlanmış müqavilə şərtlərinə əsasən, bank iki ölkənin səlahiyyətli orqanlarına ümumilikdə 15,3 milyard Danimarka kronu (2,06 milyard dollar) ödəyəcək.

ABŞ və Danimarka səlahiyyətliləri 2018-ci ilin payızında Estoniya vətəndaşlığı olmayan varlı şəxslərin bankın Estoniya qolundan illərdir çirkli pulların yuyulması üçün istifadə etdiyi barədə mediada xəbərlər yayıldıqdan sonra Danske Bank-a qarşı araşdırmalara başlayıb. Danske Bank demək olar ki, dərhal daxili araşdırmanın nəticələrini dərc edib və orada 6200-ə yaxın bank müştərisinin əməliyyatlarının “çox şübhəli” olduğunu etiraf edib.

Qalmaqala görə Danske Bankın o vaxtkı baş direktoru Tomas Borgen istefa verməli olub. Nəticədə şirkətin on keçmiş əməkdaşı, o cümlədən Danske Bank Estonia-nın keçmiş rəhbəri Aivar Rehe ittiham olunub. Lakin o, 2019-cu ilin sentyabrında intihar edib. Çirkli pulların yuyulması iddialarından sonra Danske Bank tənzimləyicinin tələbi ilə Estoniyadakı filialını bağlayıb, həmçinin Baltikyanı və Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.