Ən son xəbərlər:

14.12.2022/05:58/ Azərbaycan Qarabağda faydalı qazıntıların qanunsuz istismarını dayandırmağı tələb edir

Azərbaycan Qarabağdakı Qızılbulaq qızıl və Dəmirli mis-molibden yatalarıının qanunsuz istismarının dayandırılmasını tələb edir. Bunu ölkə Prezidentinin köməkçisi – Dövlət Başçısı Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qızılbulaq və Dəmirli mineral yataqlarının qanunsuz istismarının intensivləşməsini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılıb və Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının komandanlığına müraciət edib, bununla bağlı müvafiq qurumlar tərəfindən dekabrın 10-da Qızılbulaq yatağında monitorinq aparılması barədə razılığa gəliblər “, – deyə o, respublikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan xalqı Qarabağda faydalı qazıntıların qanunsuz istismarından narazıdır. “Ona görə də vətəndaş cəmiyyəti fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yoluna toplaşaraq öz etirazlarını bildiriblər”, – TASS onun sözlərini sitat gətirib.

Azərbaycan prezidentinin köməkçisi əlavə edib ki, ekoloji fəalların bütün tələbləri haqlıdır.

Xatırladaq ki, dekabrın 12-də səhər saatlarında Xankəndindən Ermənistanla sərhədə gedən yolda azərbaycanlı ekoloqların etiraz aksiyası başlayıb. Sonralar Şuşa şəhərindən bir qədər aralıda, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında davam edib. İştirakçılar Azərbaycan yataqlarının qeyri-qanuni istismarı ilə bağlı monitorinq keçirilməsi üçün Azərbaycan mütəxəssislərinin əraziyə buraxılmamasına qarşıdırlar.