Ən son xəbərlər:

02.02.2024/11:19/Avropa Şurası Ukrayna üçün 50 milyard avro verilməsini təsdiqləyib

Avropa Şurası Ukrayna üçün 50 milyard avro verilməsini təsdiqləyib

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa Şurası Ukrayna üçün 50 milyard avronu təsdiqləyib.

Aİ liderləri cümə axşamı Macarıstanın uzun müddətdir davam edən müqavimətini dəf edərək, Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə razılığa gəliblər.

Avropa Parlamenti də fevralın sonunda səsvermə yolu ilə bu qərarı təsdiqləməlidir.

Razılaşma Aİ liderlərindən ibarət kiçik bir qrup Macarıstanın baş naziri Viktor Orbanı maliyyə paketinə qoyulan vetonu ləğv etməyə inandırdıqdan sonra əldə edilib.

Səhər yeməyi zamanı Orban Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corciya Maloni və Aİ qurumlarının rəhbərləri Ursula fon der Leyen və Şarl Mişel ilə görüşüb.

Politico yazır ki, Viktor Orbanı qərara mane olmamağa inandırmaq üçün son həftələrdə zəmin hazırlayanlar məhz İtaliyanın baş naziri Giorgia Meloni və Fransa prezidenti Emmanuel Makrondur.

Politico-nun həmsöhbətlərinin fikrincə, Avropa liderləri Macarıstanın baş nazirini üç təkliflə razı sala biliblər: Avropa Komissiyasının yardım paketinin icrası ilə bağlı illik hesabatı; paketin icrasına dair liderlik səviyyəsində illik debatlar; zəruri hallarda iki ildən sonra yeni büdcəyə yenidən baxmaq.

Nəşr qeyd edir ki, Brüsseldə bu güzəştlər əhəmiyyətsiz hesab olunur, çünki liderlər Orbanın Ukraynanın maliyyələşdirilməsinə hər il veto qoymaq imkanına malik olduğu ssenaridən yayınıblar.

Bu arada Macarıstanın baş naziri tələblərinə nail olduğunu bildirib.

Missiya yerinə yetirildi. Macarıstanın vəsaitləri Ukraynada bitməyəcək və birinci və ikinci ilin sonunda bizim nəzarət mexanizmimiz var. Ukraynadakı müharibə ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: atəşkəs və sülh danışıqlarına ehtiyac var,- baş nazir belə yazıb.