Ən son xəbərlər:

01.02.2024/12:53/Yunanıstan Aİ-nin Qırmızı dənizdəki dəniz missiyasına komandanlığı öz üzərinə götürməyi təklif edib

Yunanıstan Aİ-nin Qırmızı dənizdəki dəniz missiyasına komandanlığı öz üzərinə götürməyi təklif edib.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias çərşənbə günü bildirib ki, Yunanıstan Qırmızı dənizdə gəmiləri İranın dəstəklədiyi Husi yaraqlılarının hücumlarından qorumaq məqsədi daşıyan Aİ-nin gələcək dəniz missiyasının komandanlığını öz üzərinə götürməyi təklif edir.

Ekathimerini bu barədə xəbər verir.

Nazir həmçinin qeyd edib ki, Yunanıstanın mərkəzində yerləşən Larissadakı hərbi baza missiyanın operativ qərargahı kimi xidmət edə bilər.

Çərşənbə günü Brüsseldə Avropa İttifaqının müdafiə nazirləri missiyanın komanda strukturunu müəyyənləşdirmişlər. Məqsəd ən geci fevralın 19-dək Aspidos missiyasını yaratmaq və işə salmaq olmuşdur. Blokun bütün xarici işlər nazirləri həmin tarixdə Belçikanın paytaxtında bir araya gələrək planı təsdiqləməlidirlər.

Avropa İttifaqının Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmaq niyyəti ilk dəfə keçən həftə məlum olub.

Avropa Xarici Fəaliyyət Xidmətinin təkliflərinə əsasən, missiyaya hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş ən azı üç esmines və ya freqat daxil olacaq, eyni zamanda ən azı bir il ərzində çoxfunksiyalı şəkildə fəaliyyət göstərəcək.