Ən son xəbərlər:

08.11.2023/09:15/ ABŞ Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib

ABŞ Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib.

xeberaz.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ölkə prezidentinə ABŞ yurisdiksiyasında olan Rusiyanın suveren aktivlərini müsadirə etmək hüququ verən qanun layihəsini təsdiqləyib. Konqresmenlər 40 lehinə, 2 əleyhinə səs nəticəsində qanun layihəsini təsdiqləyiblər.

Bu qanun layihəsi dövlət katibinə Ukraynaya əlavə yardım göstərmək üçün Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən və Rusiyanın digər xarici aktivlərindən istifadə etmək səlahiyyəti verəcək. Müsadirə prosesini Amerika prezidenti həyata keçirəcək və müsadirə olunan vəsaitlər xüsusi “Ukraynaya dəstək fondu”na yerləşdiriləcək.

Müsadirə edilmiş Rusiyanın suveren aktivlərinə sahiblik və gəlirlər Ukraynaya dəstək fondunda saxlanıldığı müddətcə ABŞ-da qalacaq. Bu fondun vəsaiti dövlət katibi tərəfindən Ukraynaya dəymiş ziyanın ödənilməsi, o cümlədən yenidənqurma, reabilitasiya, humanitar yardım və digər məqsədlər üçün istifadə olunacaq.

Qanun layihəsi həmçinin dövlət katibinin Ukraynaya dəstək fondundan Ukrayna hökumətinə, digər şəxslərə və ya beynəlxalq təşkilatlara vəsaitin buraxılmasına ən azı 15 gün qalmış Konqresin müvafiq komitələrini xəbərdar etmək öhdəliyini müəyyən edir.